Yeni dövrün tələblərinə uyğun islahatlar və inkişaf tədbirləri ölkəmizi texnoloji inkişaf mərkəzlərindən birinə çevirməyə hesablanıb.
Müasir dövr bizdən artan rəqabətə adekvat olaraq inkişaf etmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki dördüncü sənaye inqilabı dövrünün iqtisadiyyatında rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır. Bu isə o deməkdir ki, hazırda bir çox ölkələrdə tətbiq edilən və xərclərin azaldılmasına yönəldilmiş strategiyalar innovasiyanın inkişafını nəzərdə tutan istiqamətə nisbətən daha az effektiv olacaq. “Sənaye 4.0” inkişafda yeni üfüqlər açmaqla yanaşı, insanlar üçün də yeniliklər gətirəcək.
Azərbaycan üçün perspektivlər
Yeni sənaye inqilabı dövründə hansı ölkələr lider olacaq? İsveçrənin tanınmış maliyyə holdinqi “UBS”in tədqiqatına görə, bu dövrdə inkişaf etmiş ölkələr qalib olaraq qalacaqlar. Qeyd olunur ki, məhz onlar Dördüncü Sənaye İnqilabından potensial mənfəət əldə edən ölkələrin sıralamasında ilk 15 yeri tuturlar. İnkişaf etməkdə olan ölkələr isə istehsalın universal avtomatlaşdırması şəraitində artıq ehtiyac duyulmayan orta və aşağı səviyyəli işçi qüvvəsinə görə ciddi şəkildə geriləmə riski ilə üzləşə bilərlər.
Bəs bu yeni perspektivdə Azərbaycanı nə gözləyir? Hazırda ölkəmiz nüfuzlu reytinqlərdə hər il müsbət inkişaf dinamikası göstərir. Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir.
Hazırda “Sənaye 4.0” Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür.
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin əhəmiyyəti
Azərbaycan yuxarıda qeyd edilən imkanlardan maksimum yararlanmaq, texnoloji və innovativ mərkəzə çevrilmək istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.
Ölkə Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi publik hüquqi şəxsi yaradılıb. Fərmana əsasən, sözügedən Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilini və koordinasiyasını həyata keçirir. Mərkəz 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Afiləedilmiş Mərkəzinə də ev sahibliyi edir və Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları sahələrində beynəlxalq əməkdaşlıq həyata keçirir. Sözügedən platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Mərkəz Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə yaradılmış Mərkəzləri ilə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) sıx əməkdaşlığın qurulması və genişləndirilməsi istiqamətində addımlar atmaqdadır.
Afiləedilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk bu cür mərkəzdir.
“Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyalar
Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə telekommunikasiya sferasına yeni investisiyaların yatırılması əhəmiyyət kəsb edir. Burada isə dövlətin münbit şərait yaratması ilə özəl sektorun müxtəlif layihələri həyata keçirməsi, daha fəal investisiya proqramları icra etməsi, infrastrukturu genişləndirməsi vacibdir. Qeyd edək ki, dünya təcrübəsində da inkişaf etmiş ölkələrdə dövlətin nizamlayıcı funksiyanı yerinə yetirməsi fonunda iri infrastruktur layihələri məhz özəl sektorun müxtəlif sahələrə, xüsusilə telekommunikasiyaya investisiya yatırması, texnoloji təməli yeniləməsi, innovativ proqramlar icra etməsi ilə reallaşdırılır.
Həmçinin “Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən kadrların yetişməsi və sayının çox olması vacibdir. Çünki innovasiyaları insan yaradır və ölkənin rəqəmsal ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssislər lazımdır. Başlıca məqamlardan biri də onların xaricə axınının qarşısının alınmasıdır.
Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, Dördüncü Sənaye İnqilabı dövrünün çağırışlarına adekvat cavab verməyin yollarından biri də ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli islahatlar isə Azərbaycanın rəqəmsal və texnoloji inkişafını təmin edəcək.
Oxu.Az