yigdigimiz-pulu-biznese-yatirmali-yoxsa

Yığdığımız pulu biznesə yatırmalı, yoxsa..?

Bir çoxları işlədiyi müddətdə qazandığı pulun bir hissəsini kənara qoymağa çalışır. Ölkədəki maaş sistemini nəzərə aldıqda və qənaət etdikdə, sıravi işçi olaraq, bir neçə il ərzində 20-30 min manat pul yığmaq mümkündür. Bəs əldə olan bu məbləği yastıq altda saxlamayıb bir qədər də artırmaq üçün hansı yollar var?

İqtisadçı ekspert Rəşad Əliyev İnsider.az-a açıqlamasında bildirdi ki, iki növ gəlir var: passiv gəlir və biznes gəliri: 

“İlk olaraq, biznes gəlirindən danışaq. Azərbaycan reallığını götürsək, 20-30 min manat adi bir insan üçün yaxşı puldur. Şəxs bu qədər maliyyə yığa bilibsə, özünə müəyyən bir biznes qura bilər. Amma biznes qurmaq hər adamın işi deyil. Hər bir şəxs öz bacarığına, savadına, təcrübəsinə, bildiyi sahəyə uyğun olaraq iş qura bilər. 20-30 min manat istehsal sahəsi üçün az məbləğ olsa da, xidmət sektorunda kiçik sahibkarlıq subyekti kimi işə başlamaq üçün normal rəqəmdir. Təbii ki, bu, hansı xidmət növü olmasından asılıdır. Bu sahədə bir çox nümunələr var ki, bundan da az məbləğlə işə başlayıblar. Amma bir daha qeyd edirəm, bizneslə hər adam məşğul ola bilmir, bunun üçün təcrübə, sahə haqqında bilik lazımdır”.

Passiv gəlirdən də danışan ekspert qeyd etdi ki, bu məbləğ üçün uyğun gələn variant bank depozitidir: “İkinci passiv gəlir, yəni daha çox üz tutulan yol əmlaka yatırımdır. Amma 20-30 min manat normal daşınmaz əmlak üçün o qədər də yetərli deyil. İstənilən halda, passiv gəlir yüksək gəlir gətirən mənbə hesab olunmur. Onun gəliri pulun dəyərdən düşmə faizini hardasa, kompensasiya edir. Ümumi olaraq, belə deyə bilərəm ki, bir insan bizneslə məşğul olmaq istəyirsə, 20-30 min manat xidmət sektorunda iş qurmağa, iaşə obyekti açmağa çatan normal rəqəmdir. Amma bizneslə məşğul olmaq puldan daha çox bacarıq, təcrübə tələb edir. Biznesdə pulu, ilkin kapitalı tapmaq daha asandır, nəinki işi qurmaq”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, pulu artırmaq üçün birinci variant onu banka qoymaqdır və bundan illik 15 faizə qədər gəlir əldə etmək mümkündür. Amma pulu banka manatla qoyarkən nəzərə almaq lazımdır ki, devalivasiya riski var: “Əslində, risk həmişə var – pulu hansı sahəyə yatırmanızdan asılı olmayaraq. Pulu banka xarici valyutada qoysanız, gəlir az olacaq. Banklarda xarici valyuta ilə əmanətlər üzrə cəmi 1-2 faiz verilir. Ona görə də çoxları buna aşağı gəlir kimi baxır. Yəni banka pulu milli valyutada qoymaqla daha çox faiz gəlir əldə edə bilərsiniz, amma devalivasiya baş versə, itkiləriniz olacaq”.

Ekspert hesab edir ki, bu qədər maliyyə ilə biznesə başlamaq istəyən şəxs kənd təsərrüfatı sahəsinə üz tuta bilər: “Bu zaman da yəqin ki, kimləsə ortaq iş qurmalı olacaqsınız. Siz gərək özünüz üz tutduğunuz sahəni biləsiniz. Bacarmırsınızsa, başqa şəxslər cəlb edilməlidir, onlara da nəzarət olmalıdır. Bütün bunlar asan məsələlər deyil. Təəssüf ki, Azərbaycanda korporativ qanunvericilik zəifdir. Yəni qanunvericilik insanların bir biznes sahəsi üzrə birləşib fəaliyyət göstərməsini yaxşı tənzimləmir. Buna görə də sonradan problemlər yaranır. Biznes istənilən halda riskli sahədir”.
Şəfa Tapdıq