yol-polisinden-suruclere-xeberdarliq

Yol Polisindən sürüclərə XƏBƏRDARLIQ

Yol Polisi hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib.

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır:

“Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.

Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu da  yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücüləri digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.

Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını da unutmamalıdırlar.

Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.

Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar”.