yukselis-de-eyani-merheleye-kecenlerin-466-neferi-dovlet-sektorunda-calisir

“Yüksəliş”də əyani mərhələyə keçənlərin 466 nəfəri dövlət sektorunda çalışır

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turunda iştirak edərək əyani mərhələyə keçən 940 nəfər iştirakçının 466-sı dövlət, 345-i özəl sektorda, 14-ü QHT, dördü beynəlxalq təşkilatda çalışır.

İnsider.az xəbər verir ki, müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, iştirakçıların 111 nəfəri işləmir.

Əyani mərhələyə keçənlərin 45,4% faizi (427 nəfər) 21-30 yaşlı, 46 faizi (432 nəfər) 31-40 yaşlı, 8,6 faizi (81 nəfər) 41-51 yaşlıdır. Əyani mərhələyə keçənlərin 63,09 faizi Bakı-Abşeron iqtisadi zonasının payına düşür.

Qeyd edək ki, iştirakçılar videomüsahibədə üç suala (“Bu müsabiqədə iştirak etməkdə məqsədiniz nədir?”, “Əsas peşəkar nailiyyətiniz?”, “Sizi digərlərindən önə çıxaran və yaxşı lider ola biləcəyinizə təminat verən xüsusiyyətləriniz hansılardır?”) video şəklində cavab veriblər.

Əyani mərhələyə keçənlər 940 nəfər bakalavr olub. Onların 897-si Azərbaycanda, 43-ü xarici ölkələrdə təhsil alıblar. Əyani mərhələyə keçənlərin 663 nəfəri magistr olub. Onların 563 nəfəri Azərbaycanda, 100 nəfəri xarici ölkələrdə təhsil alıblar.

Əyani mərhələyə keçənlər arasında iştirakçı sayına görə ali məktəblər aşağıdakı kimi təmsil olunub: Azərbaycan Dövlət İqtisad Universiteti (222 nəfər), Bakı Dövlət Universiteti (195 nəfər), Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası (81 nəfər), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (52 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (43 nəfər).

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə, ümumilikdə, 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.

Trend