Martın 1-də “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət imtahanı keçirilib.
İştirakçılar saat 11:00 və 15:00 olmaqla, iki sessiyada testə qatılıblar. İmtahanda 7059 namizəd iştirak edib.
İmtahanda abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla, üç bölmədə suallar təqdim edilib.
Əsas imtahanda iştirakçılar abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə iki dəqiqə ərzində cavab veriblər.
Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində altı mətn və hər mətnə aid beş sual (cəmi 30 sual) təqdim olunub. Hər mətni oxumaq üçün iki dəqiqə, hər suala cavab vermək üçün iki dəqiqə vaxt ayrılıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanaraq iki həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.