İtaliyanın “Torre Argentina” meydanında Qədim Romanın dövlət və siyasət xadimi, sərkərdə, dünya tarixinin ən güclü insanlarından biri Yuli Sezarın öldürüldüyü yerin qapısı turistlərin üzünə açılıb.
Bu yerdə eramızdan əvvəl 3-cü əsrə aid dörd məbəd və Pompey Teatrının qalıqları var.
Əfsanəyə görə, məhz Pompey Teatrının yaxınlığında sui-qəsdçilər hökmdara hücum ediblər. Sezarın bu gün frazeologiyaya çevrilən məşhur “Sən də mi, Brut?” (“Et tu, Brute?”) ifadəsi də elə bu yerdə yaranıb.
Tarixi mənbələrdə bildirilir ki, e.ə 44-cü il martın 15-də (Mart İdesi) Sezar bir qrup senatorun hücumuna məruz qaldı. Dahi sərkərdə başlanğıcda hücum edənlərə qarşı müqavimət göstərsə də, içlərində yaxın dostu (bəzi versiyalara görə, oğulluğu) Brutu gördükdən sonra bu məşhur ifadəni işlədir və mübarizəni dayandırır...
Qeyd edək ki, əvvəllər “Torre Argentina” meydanında bu obyektlərə yalnız uzaqdan baxmaq mümkün idi - xarabalıqlar müasir küçə səviyyəsindən aşağıda yerləşir. İndi isə ora piyada yolu gedir.