Tbilisiyə dostları ilə birlikdə gələn rusiyalı jurnalist Vladimir Pozner gecə ərzində müxalifət partiyalarının nümayəndələrinin və tərəfdarlarının Gürcüstan paytaxtında baş verən aksiyaları ilə əlaqədar olaraq aprelin 1-də Gürcüstanı tərk etmək məcburiyyətində qalıb.
Bu barədə “İnterfaks” yazıb.
Nəşr qeyd edir ki, Tbilisidə 87 yaşını qeyd etməyi planlaşdıran Pozner və onunla birlikdə Moskvadan gələn qonaqlar səhər saatlarında Tbilisi Beynəlxalq Hava Limanına qədər polis müşayiəti ilə gəlib.
Gürcüstan KİV-ləri yazır ki, etiraz aksiyasının iştirakçıları jurnalist və dostlarının olduğu avtobusa yumurta atıblar.
Gürcüstanın Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Poznerlə birlikdə Tbilisidəki hotellərdən birində təşkil olunmuş məclisdə iştirak edən 32 nəfər karantin qaydalarını pozduqları üçün cərimə olunublar.
Martın 31-də jurnalist Vladimir Poznerin Tbilisiyə gəlməsi Gürcüstanın bir sıra qeyri-hökumət təşkilatları və müxalifət partiyaları üzvləri arasında etirazlara səbəb olub. Etirazçılar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmədiyi üçün jurnalistdən ölkəni tərk etməyi tələb ediblər. Onlar Poznerin gəlişinin mənəvi və hüquqi baxımdan qəbuledilməz olduğunu və eyni zamanda epidemiya əleyhinə normaları pozduğunu hesab ediblər. Bundan əlavə, aktivistlər gələnlərin komendant saatına baxmayaraq, Tbilisidə sərbəst hərəkət etdiklərinə diqqət çəkiblər.
“Qruziya Onlayn” portalı qeyd edir ki, jurnalist 50 nəfərə qədər insanın müşayiəti ilə çarter reyslə Tbilisiyə uçub. Pozner Gürcüstan paytaxtında aprelin 1-də 87-ci doğum gününü qeyd etməyə hazırlaşıb.
Spontan aksiyanın iştirakçıları Vladimir Pozner və ətrafının nahar etdiyi hotelin qarşısında toplaşıblar. Gürcüstan mətbuatının yazdığına görə, söhbət “Vinotel” kompleksindən gedir. Hadisə yerinə gələn polislər uzun müddət baş verənlərə müdaxilə etməyib, yalnız daha aqresiv əhval-ruhiyyədə olan iştirakçıların hotelə girməsinə əngəl olmağa çalışıblar.
“İnterfaks” agentliyinin məlumatına görə, nəticədə etirazçılar binanın elektrik enerjisi ilə təminatını dayandırmağa müvəffəq olublar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanıb.
Elektrik enerjisinin kəsilməsindən sonra Pozner və dostları Tbilisidəki digər mehmanxanaya - “Rooms Hotel”ə yerləşdiriliblər. Teleaparıcının arxasınca gedən aktivistlər həmin hotelin fasadına da yumurta atıblar.
Bununla belə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, Pozner bəzi aksiya iştirakçılarının vurğuladığı kimi “işğal olunmuş torpaqlar haqqında” qanunu pozmayıb. Qurumdan qeyd olunub ki, jurnalisti müşayiət edən şəxslərin bir hissəsi koronavirus peyvəndi vurulması, bir hissəsi isə mənfi test nəticəsi barədə arayış təqdim ediblər.