Ölkəmizdə dinamik inkişaf edən sahələrdən biri də dərman bazarıdır, COVİD-19 pandemiyası isə buna təkanverici qüvvə oldu deyə bilərik. Bu müddət ərzində dərman preparatlarına ödənilən məbləğ əvvəlki illərlə müqayisədə daha çox olduğu sirr deyil.
Artıq bir ildən çoxdur ki, davam edən mütəmadi karantin, qapanmalar üzündən əhalinin ödəmə alışqanlıqları da dəyişdi. Nağd ödəmələr böyük faizlə yerini köçürmə və kart ödəmələrinə verdi. Amma rahat görünən bu tendensiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfi də var.
İnsider.az xəbər verir ki, son günlər dərman bazarında yetərincə nüfuzu olan “Zeytun” apteklər şəbəkəsində kart ödəmələrilə bağlı narazılıqlar yaranıb. Belə problem ilə rastlaşan müştərilərdən biri bizə zəng edib.
Bir neçə gün öncə aptekdən müəyyən dərman preparatları üçün ödəniş etmək istəyən müştərinin balansda yetərli miqdar olduğu halda, əczaçı məbləğin yetərsiz olduğu üçün nağd ödəniş xahiş edib. Satınalma əməliyyatı nağd olaraq həyata keçirilib, amma bir müddət sonra müştəriyə həmin məbləğin kartdan silindiyinə dair bankdan bildiriş gəlib. Bir sözlə müştəri bir preparat üçün ikiqat qiymət ödəməli olur.
Müştəri aptekə müraciət edərək problem barədə bildirdikdə isə cavab pulun bank tərəfindən geri qaytarılacağı deyilib.
Növbəti gün bankla əlaqə quran istehlakçıya isə bu problemin Aptekə aid olduğunu və post-terminal təqdim edən tərəfin banka müraciət etməsi lazım olduğu bildirilib. Təkrar apteklə əlaqə quran müştəriyə aptekin nümayəndəsi bu problemin onlara heç bir aidiyyəti olmadığını bildirərək, pulun geri qaytarılması üçün banka lazımi müraciətin edilməsindən boyun qaçırıb.
Əldə olan məlumata əsasən bu hal ilə üzləşən müştərilər səlahiyyətli orqanlara müraciət etməyə hazırlaşırlar.
Bu vəziyyətdə sözügedən apteklər şəbəkəsinin şəffaf fəaliyyəti şübhə doğurur.
Məsələyə aydınlıq gətirmək üçün “Zeytun” aptekin qaynar xətti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Yaranmış vəziyyətlə əlaqədar qarşı tərəfin fikrini dinləməyə və dərc etməyə hazırıq.
Səbinə Səmidxan