zibil-tekrar-emali-barede-5-yayilmis-yanlis-fikir

Zibil təkrar emalı barədə 5 yayılmış yanlış fikir

Tullantıların və parnik qazlarının buraxılmasının azaldılması, enerji və suyun saxlanılması üçün zibilin təkrar emalı mühümdür. Zibilin sənaye səviyyəsində məhv edilməsi bir çox faktorların – neftə olan qiymətdən tutmuş istehlakçı seçiminə və milli siyasətə kimi – təsiri altında tez inkişaf edir. Təkrar emal prossesinin mənasını və məişət məsələlərində ekologiyanın necə qoruna bilməsini hamının başa düşməyi olduqca vacibdir. Lakin insanlarda bu məsələ ilə bağlı boşluqlar və ya yanılmalar mövcuddur.

Beləliklə, insanlara tullantıları çeşidləməyə hansı yayılmış yanlış fikirlər mane olur.

Mif №1. Zibili onsuz bir bakdan çeşidləyirlər

İri şəhərlərin küçələrində artıq birinci il deyil ki, zibilin ayrı-ayrı yığılması üçün konteynerlər durur. Məsələn, salfeti “Kağız” yazısı olan bölməyə atmaq çətin deyil, lakin ev tullantıları ilə nə etməli?

Hər şeyin – qida qalıqlarından tutmuş plastik butulkalaradək -  tullanıldığı adət edilmiş vedrədən imtina etməyin vaxtıdır.
Bakdan zibili əl ilə seçmirlər, ona görə də qida tullantıları, plastmas və sim parçaları emal cihazına düşür, onu çirkləndirir, mexanizmləri qırır və emal müəssisələrin əməkdaşları üçün təhlükəli olur. Bu problemlərə yol verməmək üçün yazılara etinasızlıq göstərmədən tullantıları müvafiq bölmələrə atmaq lazımdır.

Mif №2. Ancaq bir materialdan olan zibili təkrar emal etmək mümkündür

Əslində müasir maşınlar bəzi əşyaları tərkib hissələrinə ayırmağa imkan verir, qablaşdırma istehsalçıları isə məhsulu təkrar emal üçün maksimal dərəcədə yararlı etməyə can atır.

Zibil emal edən zavodların yeni avadanlığı sənəd dəstəsindən dəmir skobları maqnitlə dartmağa və metal məmulatlardakı yapışqanı əritməyə imkan verir. Əlbəttə, yenə də, ilk bəndin qaydasına müvafiq olaraq, ağıllı mexanizmlərə ümid bəsləyərək, hər şeyi bir konteynerə atmaq məsləhət deyil. Əgər siz tez-tez eyni zibili atırsınızsa (məsələn, südün qablaşdırmasını), onun tullanılması üçün bölməni səhv salmamağa görə istehsalçıdan qablaşdırmanın tərkibini dəqiqləşdirin.

Mif №3. Zibilin təkrar emalı kasıb insanları qazancdan məhrum edir

İşsizlik problemi müəyyən dərəcədə hər ölkədə var və bir çox evsizlər zibil bakında tapdıqarı şüşə butulkaları və alüminium bankalarını təhvil verərək, çörək pulu qazanır. Onlar həqiqətən küçələrdəki təmizliyə öz töhfəsini verir və uzun illər boyu tullantıların təkrar emalında əsas bəndlərdən biri idilər. Qeyd edək ki, zibil yığımı ilə məşğul olan insanların 75%-dən çoxu öz tapıntılarını şəhərdəki təkrar emal sisteminə cavabdeh olan elə eyni şirkətlərə təhvil verir. Yığıcılar qruplaşıb belə müəssisələrin qeyri-rəsmi əməkdaşına çevrilirlər. Yəni onlar üçün hansısa şəxslə rəqabət aparmaq mənasızdır. Ona görə siz zibili ayıraraq tullayanda, onu əllə toplayanları gəlirindən məhrum etməyəcəksiniz.

Mif №4. Zibili ancaq bir dəfə təkrar emal etmək olur

İş orasındadır ki, metalları (o cümlədən alüminiumu) və şüşəni praktiki olaraq sonsuzadək təkrar emal etmək olar. Özü də bununla yanaşı məmulatların keyfiyyəti də itmir.

Kağız ilə isə vəziyyət başqa cürdür – təkrar emal zamanı oduncağın lifləri nazikləşir, yeni vərəqlərin keyfiyyəti pisləşir. Kağız məmulatlarını yeddi dəfəyə qədər təkrar emal etmək mümkündür. Bundan sonra isə onlar aşağı keyfiyyətli malların üçün əsas, məsələn, yumurtalar üçün qablaşdırmaya çevriləcək.

Plastikin yenidən emalı ondan da az təkrar olunur: ikinci utilizasiyadan sonra ondan ancaq qida məhsulları üçün nəzərdə tutulmamış əşyalar hazırlamaq olar. Üçüncü dəfə tullanılmış plastik butulka ləyənə çevriləcək, hansı ki, sonra skamyanın bir hissəsi olacaq. Dəfələrlə təkrar emaldan sonra plastması digər materiallarla qarışdırırlar, məsələn, asfalt örtüyünə əlavə edirlər.

Mif №5. Təkrar emal mənasız layihədir, ondan real bir xeyir gəlmir

Təkrar emal zibilxanalarda zibil miqdarını azaltmaqla, müvafiq olaraq, hava çirklənməsini və bakteriyaların artmasını da azaldır. Əlavə müsbət cəhəti yeni iş yerlərinin yaranmasıdır. Məsələn, ABŞ-da zibil təkrar emalı sənayesi 1,25 milyon adamı işlə təmin edir. Bu, sadəcə dövlət proqramı deyil, həm planetin ekologiyası və əhalinin sağlamlığı üçün faydalı, həm də ölkənin maliyyə sistemi üçün sərfəli olan bütöv bir dinamik şəkildə inkişaf edən innovasiya sahəsidir.

Son olaraq qeyd edək ki, təkrar emal sənayesi daima müasir innovasiyalarla tamamlanır, mütəxəssislər zibilin dəfələrlə istifadəsi üçün yeni yollar axtarır. Demək, tullantıları çeşidləməyə davam edərək, siz onlardan təbiətə zərər vermədən xilas olmağa kömək edirsiniz.

Samirə Məmmədova