“Zimbabvedə hətta qadınlar bankı da təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə yanaşmasının göstəricisidir”.
Bunu qadın işləri üzrə icma, kiçik və orta müəssisələrin inkişafı naziri Mutsvanqva Monika noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Beynəlxalq təşkilatların bəyanatları tərəfimizdən qəbul olunub. Qadınların hüquqlarının qorunmasına böyük əhəmiyyət veririk, qadınlar bütün sahələrdə bərabər təmsil olunurlar. Biz seçki ilə təyin olunan vəzifələrdə qadın-kişi bərabərliyinə önəm veririk. Genderlə bağlı məsələlər Konstitusiyada öz əksini tapıb. Zimbabvedə gender əsaslı zorakılığın aradan qaldırılması məqsədilə yüksəksəviyyəli pakt imzalanıb.
Biz dövlət səviyyəsində qadınların hüquqlarına çox böyük əhəmiyyət verdiyimizi bu şəkildə nümayiş etdiririk. Qadınlar bankı da ölkəmizdə təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə etina ilə yanaşmasının göstəricisidir. Bütün vəzifələrdə, xüsusilə qərarverici orqanlarda qadınların təmsil olunması bizim üçün vacibdir. Zimbabve Respublikasının prezidenti ilk dəfə olaraq baş prokuror vəzifəsinə qadın təyin edib, həmçinin bir sıra yüksək vəzifələr qadınlara həvalə olunub. Səhiyyə xidmətləri də Zimbabvedə qadınlar üçün yüksək səviyyədə təmin olunur.
Kənd təsərrüfatında da böyük islahatlar aparılıb. Qadınlara həyata keçirilən islahatlar nəticəsində torpaq sahələri verilib. Qadınların kənd təsərrüfatında iştirakı Qadın Fermerlər Assosiasiyasını da bu işə cəlb edib. Bu da kənd yerlərində qadın fermerlərin gəlirinin artmasına gətirib çıxarıb”, - deyə əlavə edib.
Report