abs-in-huawei-le-emekdasligini-ne-vaxt-berpa-edeceyi-melum-oldu

ABŞ-ın “Huawei”lə əməkdaşlığını nə vaxt bərpa edəcəyi məlum oldu

ABŞ administrasiyası Çinin “Huawei” korporasiyasına öz məhsullarını satmağa icazə verən lisenziyalarını yaxın iki-dörd həftəyə Amerika şirkətlərinə verməyə başlaya bilər. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Lisenziya verilməsi ilə ABŞ-ın Ticarət Nazirliyi məşğul olacaq.

Əvvəllər korporasiyaya çiplərin təchizatını icra edən iki şirkət artıq ən yaxın zamanda lisenziyaya görə müraciət etmək istədiklərini bildiriblər. Qeyd olunur ki, hökümətin hələ ki, belə lisenziyaların verilməsinə dair konkret meyarları yoxdur.

Şirkətlərdən birinin nümayəndəsi ehtimal edir ki, lisenziya verilməsi barədə qərara individual şəkildə baxılacaq. Nazirliyin nümayəndəsi isə agentliyə bütün ərizələrin “milli təhlükəsizliyə” müvafiq olaraq baxılacağı və təhlil ediləcəyini deyib.

Xatırladaq ki, may ayında ABŞ ölkənin informasiya-kommunikasiya infrastrukturunu xarici təhlükələrdən qorumaq üçün ABŞ şirkətlərinə “Huawei”-lə çalışmağı qadağan etmişdi.

Samirə Məmmədova