assanj-ekvadorun-londondaki-sefirliyinden-qovulur

Assanj Ekvadorun Londondakı səfirliyindən qovulur?

Yaxın “saat və ya günlərdə” “WikiLeaks” təşkilatının təsisçisi Culian Assanj Ekvadorun Londondakı səfirliyindən çıxarılacaq.

İnsider.az-ın məlumatına görə, bu barədə təşkilat öz “Twitter” səhifəsində aprelin 4-ü Ekvadorun yüksək vəzifəli mənbələrinə istinad edərək xəbər yayıb.

Assanjın Ekvador missiyasından sürgünə bəhanə kimi Ekvador prezidenti Lenin Morenoya aiddiyyatı olan ofşor kağızları ilə bağlı korrupsiya qalmaqalından istifadə ediləcək.

“WikiLeaks”-in məlumatlarına görə, Ekvador və Böyük Britaniya hakimiyyəti Assanjın həbsinə dair guya artıq razılaşıblar.

“ТАСС” xəbər verir ki, “INA Papers”-in sənəd paketi cari ilin fevral ayında ictimailəşmişdi. İddia edilir ki, Morenonun qardaşı tərəfindən yaradılmış ofşorun, yəni “INA Investment” şirkətinin əməliyyatları adı çəkilən sənədlərdə dəqiqliyi ilə sezilir.

Mart ayının sonunda Ekvadorun Kommunikasiya işləri üzrə naziri Andres Miçelena “CNN Español”-a bildirmişdi ki, bu sənədlərin dərc edilməsi ölkə prezidenti Morenonun devrilməsinə yönlənmiş Ekvadorun eks-prezidenti Rafael Korrea, Venesuela prezidenti Nikolas Maduro və Culian Assanjın birgə tərtib etdiyi qəsdin hissəsidir. “WikiLeaks” isə xəbər vermişdi ki, Assanjın Ekvadordakı vəkili Karlos Poveda müştərisinin adı çəkilən sənədlərin dərc olunmasına aidiyyatı olduğunu təkzib edib.

Xatırladaq ki, 2012-ci ildə Culian Assanj onun “WikiLeaks” təşkilatındakı fəaliyyəti ilə bağlı ABŞ-dan İsveç höküməti tərəfindən ekstradisiya olunma əndişələrinə görə siyasi sığınacaq istəmişdir.