azerbaycan-italiya-ile-birge-reaktiv-teyyareler-istehsal-etmek-niyyetindedir

Azərbaycan İtaliya ilə birgə reaktiv təyyarələr istehsal etmək niyyətindədir

İyunun 4-də Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevlə İtaliyanın müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar aparılıb.

İnsider.az-ın xəbərinə görə, görüşdə hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

“Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

L.Mariani qeyd edib ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir.

Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.