azerbaycanla-cin-arasinda-ticaret-dovriyyesi-2-6-artib

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,6% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 1,1 mlrd. ABŞ dolları təşkil edib.

İnsider.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Çin biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% təşkil edib.

"Ötən il ərzində ölkələr arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib", - deyə nazir müavini qeyd edib.

N. Səfərov əlavə edib ki, 2017-ci ildə Azərbaycanın Çində ticarət nümayəndəsinin təyin edilməsi, 2018-ci ildə bu ölkədə ticarət və şərab evlərinin açılması, 2016-cı ildən bəri isə 6 ixrac missiyanın təşkili ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin bariz nümunəsidir.

"İqtisadi sahədə əsas prioritetlərdən biri ikitərəfli investisiya əməkdaşlığıdır. Ötən müddət ərzində Çin investorları tərəfindən Azərbaycanın iqtisadiyyatına 800 mln. dollardan artıq sərmayə yatırılıb. Öz növbəsində Azərbaycanın Çin iqtisadiyyatına investisiyaları 1,7 mlrd. dollar təşkil edib", - deyə N Səfərov əlavə edib.

©"APA-Economics"