badoo-nun-tesiscisi-instagram-uzerinden-investisiyalarin-paylanmasini-elan-edib

“Badoo”-nun təsisçisi “İnstagram” üzərindən investisiyaların paylanmasını elan edib

“Badoo” tanışlıq servisinin təsisçisi Andrey Andreyev öz “İnstagram” səhifəsində Rusiyadan olan cavan sahibkarlara investisiya paylanması barədə elan verib. Bu təklifi o, Rusiyanın “Forbes” jurnalının üz qabığına düşməsinin vaxtına salıb. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

“Mən bu üz qabığını Moskvada ətrafını simlərin və texnologiyalar barədə kitabların bürüdüyü kiçik bir otaqda işləməyə başlayan oğlanla qeyd etmək istəyirəm. Buna görə problemlərin həlli üçün texnoloji şirkətlər qurmaq istəyən və bütün dünya üzrə xəyallarını reallığa çevirməyi arzulayan rusiyalı on gənc sahibkara öz investisiya və mentroluğumu təklif edirəm. Ümidvaram ki, öz təcrübə və biliklərimi yeni liderlər nəslinə ötürə biləcəyəm”, - Andreyev deyir.

Andreyevdən investisiya cəlb olunması imkanını əldə etmək üçün sahibkarlar “İnstagram”-da onun şəxsi ismarıclarına öz layihələrinin qısa təsvirini yollamalıdırlar. Andreyev investisiyaların həcmini açıqlamayıb.

Qeyd edək ki, A. Andreyev “SpyLog” veb-analitika servisini, “Bequn” kontekst reklamı servisini və “Mamba” tanışlıq saytını təsis edib. Həmçinin, qərargahı Londonda yeləşən “Badoo” tanışlıq servisini yaradıb. Bundan başqa, tanışlıq servisi olan “Bumble”-da kontrol payını əldə edərək şirkətin həmtəsisçisi olub. 2019-cu ildə “Forbes”-ə görə o, ən zəngin adamların siyahısında 2,3 milyard dollar var-dövlətilə 44-cü yer tutur.

Samirə Məmmədova