dollar-kreditleri-1-06-azn-kursu-ile-odenile-biler-teklifler-plani-esasinda

Dollar kreditləri 1.06 AZN kursu ilə ödənilə bilər – Təkliflər planı əsasında 

Ödəniş vaxtı keçmiş kreditlərin 2018-ci il üçün məbləği bəlli olub. Mərkəzi Bank problemli kreditlərin 2018-ci il dekabrın 1-nə olan həcmini 1 milyard 688,7 milyon manat göstərib. Onun 870,5 milyon manatı xarici valyutadadır. 

“2018-ci il problemli kreditlərin həcminin azaldılması istiqamətində addımlar atılsa da, problemli kreditlərin ümumi kredit portfelində payı yüksək olaraq qalır”. 

Problemli kreditlərin həlli ilə bağlı İnsider.az saytına açıqlamasında Vüqar Bayramov belə deyib. 
O, ötən il problemlərin həlli yönümdə cüzi irəliləyiş olduğunu bildirib: 

“2018-ci ildə rəsmi statistikaya görə, problemli kreditlərin həcmində müəyyən azalmalar müşahidə edilməyə başlayıb, xüsusən, 2018-ci ilin sentyabr ayından başlayaraq problemli kreditlərdə cüzi də olsa azalmalar özünü göstərib. 2018-ci ilin 11 ayında problemli kreditlərin həcmi 1 milyard 688 milyon manat olub. Qeyd etmək istərdim ki, bu rəqəm sentyabrda 1 milyard 748 milyon manat idi. Biz illik müqayisə aparsaq, 2017-ci ilin dekabrında problemli kreditlərin həcmi 1 milyard 626 milyon manat idi. Problemli kreditlərin həcmində artmalar olsa da, həcmin il sonunda görünən fərqində problemlərin həll edilməyə doğru getdiyini müşahidə edirik”. 

Ekspertlər təkliflər irəli sürürlər 

Vüqar Bayramov bildirib ki, 2018-ci ildə Maliyyə Bazarında Nəzarət Palatasının problemli kreditlərin həcminin azaldılması ilə bağlı müəyyən addımlar atmasına baxmayaraq, bu məsələ yenə də bank sektoru üçün əsas maneələrdən biri olaraq qalmaqdadır:

“Bu baxımdan problemli kreditlərin azaldılması 2019-cu ildə də əsas priotetlərdən biri olacaq. Cari ildə problemli kreditlərin həcminin necə dəyişməsi bank sektorunun sağlamlaşdırılması ilə bağlı tədbirlərdən asılı olacaq. Nəzərə almaq lazımdır ki, problemli kreditlərin həcminin artmasında xüsusən xarici valyutada olan kreditlər üzrə ödənişlərdəki yubanmalar rol oynayır. Bu baxımdan daha vacib məqamlardan biri bizim iqtisadi və sosial inkişaf mərkəzi tərəfindən 2015-ci ildə hazırlanan üçtərəfli güzəşt mexanizminin tətbiq edilməsidir. Biz düşünürük ki, xarici valyutada olan kreditlərlə bağlı güzəştə ehtiyac var və üçtərəfli güzəşt mexanizmi problemin həlli istiqamətində irəliyə atılan addım hesab edilə bilər. Bu baxımdan güzəştin tətbiq edilməsi vacibdir. Son qərarı hökumət qəbul edir. Amma biz bu barədə öz təkliflərimizi təqdim etmişik. Təkliflərə əsasən, güzəşt tətbiq olunacağı halda dollarla kreditlər geri qaytarılan zaman fərqli məzənnələrdən istifadə oluna bilər. İndiki halda 1.70 AZN kursunda deyil, güzəşt olunacaq halda 1.06 AZN kursu ilə ödəniş etmək təklif olunur. Bu təklifimiz qəbul olunarsa, vətəndaşların kreditlərini qaytara bilməsinə imkan açılacaq. Bu, vətəndaşların sosial müdafiəsi baxımından da çox vacibdir. Digər tərəfdən, bu mexanizm imkan verəcək ki, bankların sağlamlaşdırılması həyata keçirilsin, bankların fəaliyyət aktivliyi və problemli kreditlərin həcmində azalmalar müşahidə olunsun. Nəticə etibarilə bu məsələ bütövlükdə kredit portfelinin sağlamlaşdırılması və bank sektorunun inkişafı, eləcə də bank və müştəri münasibətlərinin sivilləşməsi baxımından çox vacibdir”.

Nübar Lətifli