dovlet-xestexanalari-ucun-tetbiq-edilecek-icbari-tibbi-sigorta-xidmet-paketine-neler-daxildir-aciqla

Dövlət xəstəxanaları üçün tətbiq ediləcək İcbari Tibbi Sığorta xidmət paketinə nələr daxildir?-AÇIQLAMA

Ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Baş Nazir Novruz Məmmədov isə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısını təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. 

Bütün bunlar vətəndaşlarda sual doğurur. Səhiyyə Nazirliyinin tərkibindən çıxarılıb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərkibinə daxil olan həmin səhiyyə müəssisələrində xəstə qəbulu və xidmətlər ödənişli əsaslarla olacaqmı? İcbari Tibbi Sığorta 2020-ci il yanvarın 1-ə kimi bütün ölkə vətəndaşlarına şamil ediləcəkmi? 

Bununla bağlı İnsider.az-ın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyi sorğuya cavab olaraq TƏBİB-lə bağlı inzibati məsələlərin 2019-cu ildə həllini tapacağı bildirilib və onun fəaliyyətinə aydınlıq gətirilib:

“2018-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanın icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi barədə Qərar qəbul edib. Qərara əsasən “TƏBİB”-in tabeliyindəki tibb müəssisələrinin Siyahısı təsdiq edilib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. TƏBİB-in inzibati məsələləri 2019-cu ildə öz həllini tapacaq. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək”. 

Tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla İnsider.az-a açıqlamasında Səhiyyə sistemində struktur islahatlarının getməsinin əsas istiqamətlərindən birinin mülkiyyət formalarının müəyyən edilməsi olduğunu bildirib.

“İcbari tibbi sığorta tibbi sığorta xidmətinin bir növüdür. Dövlət, özəl, munisipal və sığorta səhiyyə növləri kimi 4 əsas sığorta xidməti var. Bu xidmət Sosial Müdafiənin çox mühüm bir elementidir. İcbari Sosial Tibbi Sığorta olmadan Azərbaycan səhiyyəsini qərb səhiyyə standartlarına çatdırmaq çətinləşə bilər. Pilot rayonlarda artıq bunun həyata keçirilməsinə başlanılıb. Hər halda bu ilkin addımlardır. 2020-cil il üçün bunun bütün ölkə üçün tətbiq edilməsi planlaşdırılır. İlk vaxtlar bununla bağlı müəyyən çətinliklər ola bilər. Bildiyimiz kimi, müəyyən xəstəxanalar Səhiyyə Nazirliyindən ayrılıb TƏBİB adı altında müəyyən bir idarədə birləşdirilir".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara xidmətlər zərfi əsasında tibbi xidmətlər göstəriləcəyini bildirib. 

“İcbari tibbi sığorta 2020-ci ilin yanvar ayının 1-dən ölkədə tətbiq olunacaq. Ölkə vətəndaşlarına “Tibbi sığorta haqqında” Qanuna əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstəriləcək. Bu prosesə 2020-ci ilin yanvar ayının 1-dən başlanılacaq. Xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün baza hissədən istifadə pulsuzdur və hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Xidmətlər zərfi təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Sığortaolunan vətəndaşlar xidmətlər zərfi çərçivəsində əldə etdikləri tibbi xidmətlər qarşılığında xəstəxanaya heç bir ödəniş etməyəcəklər. Vətəndaşlar xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində nəzərdə tutulmuş sayda, həcmdə və şərtlərlə tibbi müayinə və müalicə növləri ilə təmin ediləcəklər. Xidmətlər zərfinin əlavə hissəsinə daxil olan tibbi xidmətlərin tariflərinə uyğun olaraq sığortaolunan vətəndaşların bu xidmətlər üzrə xərcləri Agentlik tərəfindən qarşılanacaq. 2020-ci ilin yanvar ayının 1-dən dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin tarifləri dövlət tərəfindən müəyyən ediləcək”. 

Adil Qeybullanın sözlərinə əsasən İcbari Tibbi Sığorta sisteminin sığorta paketini müəyyənləşdirdiyini vurğulayıb. 

“Birinci növbədə sığorta paketində hansı xidmətlərin sığortaya daxil olması öz əksini tapmalıdır. Yəni bütün xidmətlər, yoxsa xidmətlərin müəyyən hissəsinin aid olduğu aydınlaşmalıdır. Doğuş, təxirə salınmaz yardım, mühüm çekaplar, bəzi dispanser müayinələri (vərəm və o tipli xəstəliklər) və s. təşkil etmək mümkündür. Vətəndaş paketə daxil olan və paketdən kənar ödənişləri əvvəlcədən bilməlidir. Bundan başqa əhalinin sığorta kontingenti müəyyən edilməlidir. Azərbaycanda işləyən əhali, işsizlər, gəlirləri olmayan, əksinə yüksək gəlirli iş adamları, məmurlar üzrə bu kontingent ayrılmalıdır. İşləməyən şəxslər əmək birjalarında qeydiyyatda olmalıdır. Bizdə əmək birjaları olmadığı üçün işləməyən şəxslər və az təminatlı ailələr birbaşa dövlət büdcəsindən maliyyələşir. Dövlət, özəl munisipal sektorda, bələdiyyə sektorunda, hansı ki, bunlar öz maaşlarından sığortalanırlar, bir də məmurlar və iş adamları xüsusi qaydada sığortalanırlar. Bunların hərəsi özünə uyğun qaydada sığortalanacaq”.

Nübar Lətifli