formula1-azerbaycan-ne-qazanir-idman-reqemlerde

Formula1: Azərbaycan nə qazanır?– İdman rəqəmlərdə

Qlamur, prestij, sürət, dinamika, mühərrik nəriltisi, sanki bir göz qırpımında uçan avtomobillər, pilotları qələbəyə səsləyən  həyəcanlı azarkeşlər... – Formula 1 yarışları deyərkən ağılımıza ilk gələndir. Lakin bir qədər dərinə getsək, görərik ki, dünyanın ən tanınmış yarış növlərindən biri olan Formula 1-in ərsəyə gəlməsi üçün aerodinamika sahəsində dərin bilik, müxtəlif millətlərdən olan komandaların bir araya gətirilməsi ilə bağlı mürəkkəb təşkilatı və planlaşdırma işləri..., bir sözlə, inanılmaz əmək tələb olunur.  

F1 yarışları artıq yarım əsrdən artıqdır ki, idman təqvimlərində  xüsusi yer tutur. Bu yarışın bəzi Qran Priləri isə F1 tarixində özünəməxsus iz qoyub. Məsələn, Britaniya F1 tarixinə ilk Qran Pri məkanı kimi düşə bilib. Sinqapur  Qran Prisi isə F1 azakeşlərinin yaddaşında ilk gecə yarışları kimi həkk olunub.  

Bəs 2016-cı ildən  start götürən Azərbaycan Qran Prisinin özəlliyi nədən ibarətdir? 

“Adətən, bu yarışlar şəhərdən uzaqda yerləşən şəhərətrafı treklərdə təşkil olunur. Sinqapur, Monako və Azərbaycan olmaqla  isə üç ölkədə treklər şəhərin içərisindən keçirilir, yəni şəhər yarışları aparılır. 

Təbii ki, hər bir trek özünə görə unikaldır. Bizim trekin özəlliyi ondadır  ki, o, şəhərin tarixini nümayiş etdirir.  Biz həm şəhərin tarixi, həm də yeni tikililər olan hissələrini təqdim edirik. Bundan savayı, sırf idman nöqteyi-nəzərindən desək, ən dar döngə - Əziz Əliyev küçəsində olmaqla bizim trekdədir. Başqa sözlə desək, bu, bizim vizit kartımızdır”, - deyə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirir.

Ekspert Nicat Hacıyev isə  Azərbaycan Qran Prisini Formula1 pilotları üçün əsl sınaq adlandırır. 

“Şəhər içində, dar yollarda yüksək sürətlə avtomobil sürmək böyük məharət tələb edir ki, bunun isə biz Bakıda şahidi oluruq. Yəni əsl yarış və ən gərgin anlar Bakıda yaşanır. Mən hətta deyərdim ki, Bakının treklərində  yüksək xal toplayanlar ümumi yarışın favoritləri olurlar”, - deyə ekspert qeyd edir.

Top5-ə aparan rəqəmlər

Vurğulamaq lazımdır ki, dünyanın ən möhtəşəm yarış nümayişi olan Formula1 hər il keçirilən idman yarışları arasında ən çox izlənilən idman növü olmağı ilə də fərqlənir. Hər il 5 qitə, 21 ölkədə keçirilən 21 yarışı 506 milyon azarkeş izləyir. 

Lakin azarkeş cərgələrini daha da genişləndirmək məqsədilə F1 rəhbərliyi tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Bunlardan biri də bu il F1 yarışları keçirilməyən ayrı-ayrı şəhərlərdə 4 azarkeş festivalının təşkil edilməsidir. 

Formula1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkəti tərəfindən yayılan rəsmi məlumatlara əsasən, 2018-ci ildə bilet alaraq yarışları izləyən insanların sayı 4,1 milyon nəfər olub. Bu, 2017-ci illə müqayisədə 8 faiz artım deməkdir. Ümumi auditoriyanın həcmi isə 1,76 milyarddır. Hər yarışı TV qarşısında izləyənlərin ortalama sayı 83 milyon nəfərdir. 

Sırf Azərbaycan Qran Prisinin TV auditoriyasına gəldikdə isə, F1 təşkilatçılarının hesabatına əsasən, keçən il bu yarışları canlı yayımda 82,3 milyon azarkeş izləyib. Bu isə öz növbəsində Azərbaycanla bağlı xarici kanallarda hər hansı reklam videosunun yayımlanmasına qənaət olunmuş milyonlarla pul deməkdir. 

Yarış həftəsonunda iştiraka nəzər salsaq, ötən il 2017-ci illə müqayisədə 30 % artım görürük. Ümumiyyətlə, Azərbaycanda bu göstərici üzrə  ildən-ilə 30 % artım müşahidə olunur. “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%)  və Meksikadır (79%).

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən isə Azərbaycan Qran Prisi,  ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub. 

Bir az da rəqəmsal göstəricilərə nəzər salaq. Ümumiyyətlə, rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir. 

Maraqlı məqamlardan biri də odur ki, Formula 1 Azərbaycan Qran Prisinin cəmi 3 il keçirilməsinə baxmayaraq, artıq tanınmış xarici media agentliklərinin diqqətini cəlb edə bilib. Belə ki, 2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı “The Times”, “The Guardian”, “Daily Mail”, “Build”, “Sky Sport” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb. Bu isə əslində Azərbaycanın cəlbedici turizm məkanı, müasir və beynəlxalq tədbirlər, böyük idman arenası, yatırımlar üçün əlverişli biznes platforması olduğunu təqdim etmək üçün piar hesab oluna bilər.

Özünü doğruldan yarış – Qran Pridən nə qazandıq, nə qazanırıq?

F1 yarışlarının hər növbəti Azərbaycan Qran Prisindən sonra əksəriyyətimizi bəzi suallar narahat edir: “Bu, bizə nə verdi?” “Ümumiyyətlə, bu yarış bizə lazımdırmı?” Suallarımıza cavab tapmaq üçün PWC beynəlxalq audit şirkətinin Formula1 Azərbaycan Gran Prisinin nəticələrinə dair hesabatına nəzər salmaq kifayətdir.

Hesabatdan məlum olur ki, Bakıda keçirilmiş ilk iki Formula1 yarışının ölkə iqtisadiyyatına ümumi faydası 277,3 milyon dollar olub. Bu məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Məbləğin 164,2 milyon dolları birbaşa gəlirlərdir. Birbaşa gəlirlərin böyük hissəsi 22,7 milyon dollar olmaqla turizm, nəqliyyat, hotel,  mehmanxanaların payına düşür. Yarış həftə sonunda isə bütün mehmanxanalar 100 faiz dolu olub. 

Dolayı gəlirlərin ümumi məbləği 113,1 milyon dollardır. 2016-cı ildən bu yana Bakıda turizm sektoruna gələn dolayı gəlirlər 14,9 milyon dollar təşkil edib.

Turizm sənayesi ilə bağlı müşahidə olunan dolayı gəlirlərin əksəriyyəti aşağıdakı sektorların payına düşüb: biznes fəaliyyətləri, kənd təsərrüfatı, elektrik enerjisi, qaz və su, telekommunikasiya və nəqliyyat, topdansatış ticarət fəaliyyəti.

Bakıda keçirilmiş Formula 1 Qran Prisinin ölkənin geniş çeşidli görməli və tarixi yerlərini, istirahət-kurort imkanlarını, mükəmməl mətbəx və gözəl təbiətini dünyaya nümayiş etdirməklə ölkə brendinə nəzərəçarpan əlavə dəyər qatdığını desək yanılmarıq. Şəhərə turistlərin cəlb edilməsi hotellər, restoranlar, nəqliyyat və s. ilə əlaqəli müxtəlif sektorların təqdim etdiyi xidmətlərə tələbatın artmasına səbəb olur. Bu məhsul və xidmətlərə tələbatın artması öz növbəsində həmin sektorların bazarda iştirakını artırmaqla həm də ÜRM-i (Qeyd: yəqin burada söhbət Ümumi Daxili Məhsuldan – ÜDM-dən gedir...) və məşğulluğu artırmağa kömək edir.

Həmçinin qeyd olunmalıdır ki, F1  yerli əmək bazarının inkişafına kömək edir. Belə ki, bu tədbir 5 mindən çox qısa və orta müddətli iş yeri yaradır, çox zaman gənclərin ilk iş yerinə çevrilməklə onların bu cür dəyərli təcrübədən gələcəyə doğru ilk addım kimi istifadə etmək imkanı verir və ölkədə məşğulluq səviyyəsinə müsbət təsir göstərir.

İnsan kapitalı

F1 yarışlarının Azərbaycan Qran Prisinə gətirdiyi  iqtisadi faydanı araşdırdıq. İndi isə məsələnin digər önəmli tərəfinə nəzər salaq – İNSAN KAPİTALINA.  Atılan əksər vacib addımların arxasında böyük insan qüvvəsi dayanır. Ölkədə keçirilən böyük tədbirlər Azərbaycan komandasının yetişməsinə yardım edib. Belə ki, əgər  Avropa Oyunlarının təşkilinə 500 xarici vətəndaş cəlb olunmuşdusa, Bakı Halqasında cəmi 3 əcnəbi mütəxəssis çalışır.

Bakı Şəhər Halqasından verilən məlumata görə, Azərbaycan Qran Prisinin təşkilində yardım etmək üçün bu il rekord sayda müraciət olub.  Builki Qran Pri yarışlarına  3 min nəfər könüllü cəlb olunub. 1500 marşal çalışır. 113 nəfər daimi heyət üzvüdür.  Qran pri zamanı ümumi işçi qüvvəsi isə yarışa aidiyyatı olan obyektlərin təhlükəsizliyini və digər xidmətlər ilə təmin edən əməkdaşlar daxil olmaqla 10 min nəfərə çatır. 

Qran Pri rəqəmlərdə - Biletlərlə kimlər maraqlanıb

Bilet satışının statiskasına görə 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib. 

Satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.  Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə 2017-ci illə müqayisədə 31% artıb və ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür. 

İndi isə yeni rəqəmlərə baxaq. Bakı Şəhər Halqasından verilən məluma görə, cari ilin F1 Azərbaycan Qran Prisinə olan biletlərin artıq 60-70%-i satılıb və bu bietlər 52 ölkədən olan azarkeşlər tərəfindən əldə edilib. 

Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirir ki, Bakı Qran Prisinə maraq göstərən ölkələrin ilk onluğuna Rusiya, Birtaniya, Gürcüstan liderlik edir. Bu il onluğa ilk dəfə olaraq Avstriya da daxil olub.

Yeni müqavilə, Yeni imkanlar, Etdiyimiz qənaət

“Bildiyiniz kimi, Azərbaycan Qran Prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb. Azərbaycan tərəfinin Formula 1-in yeni rəhbərliyi ilə apardığı danışıqların əsasında növbəti beş ildə əldə etdiyimiz qənaət 50 milyon dollara qədərdir. Bu, ölkəmizə əlavə gələn faydadır", - deyə Nigar Arpadarai bildirir və əlavə edir ki, yeni müqaviləni yeni gəlir imkanı kimi dəyərləndirmək lazımdır: “Bu müqavilə ilə Azərbaycan əvvəllər Formula1-ə məxsus olan bəzi hüquqları əldə etmiş olur. Bura baş sponsorluq, trekyanı brendinq, tədbirə tərəfdaşlıq, canlı əyləncə proqramı üzrə əməkdaşlıq, korporativ qonaqpərvərlik aiddir”.

Sonda isə, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcəyini xatırlatmaq istərdik.