gelen-hefte-azerbaycan-qazinin-bolqaristana-neqli-ucun-kemerin-temeli-qoyulacaq

Gələn həftə Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin təməli qoyulacaq

Mayın 22-də Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) təməlqoyma mərasimi keçiriləcək.

İnsider.az xəbər verir ki, bu barədə Bolqarıstan Energetika Nazirliyi məlumat yayıb.

Mərasimdə Bolqarıstanın baş naziri Boyko Borisov və Yunanıstan baş naziri Aleksis Tsipras iştirak edəcəklər.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində hasil edilən və Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq. Bolqarıstan IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq. IGB-nin inşasınıın 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur. İnterkonnektorun ümumi investisiya dəyəri 220 mln. avrodur.

İnterkonnektorun uzunluğu 182 km təşkil edir, bunun 130 km-i Bolqarıstan ərazisinə düşür.

©“Report”