google-dan-huawei-xeberdarligi-abs-ucun-tehlukelidir

“Google”dan “Huawei” xəbərdarlığı: ABŞ üçün təhlükəlidir

“Google” rəhbərliyi ABŞ Prezident Administrasiyasına xəbərdarlıq edib ki, əgər Çinin “Huawei” şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər dayandırılmasa, ölkənin milli təhlükəsizliyi üçün risklər yarana bilər.

İnsider.az xəbər verir ki, “Google” üçün əsas problem Çin şirkətinin öz proqram təminatı versiyasını hazırlaması ehtimalıdır ki, bu da “Android”ləri haker hücumları qarşısında zəiflədə bilər.

“Google” hesab edir ki, “Huawei” ilə əməkdaşlığın dayandırılması orijinal və surəti olmaqla, iki “Android” əməliyyat sisteminin yaradılması ehtimalına görə Birləşmiş Ştatlar üçün təhlükəlidir.

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi mayın 17-dən milli təhlükəsizliyə təhdidi əsas gətirərək “Huawei”i qara siyahıya salıb. Bundan sonra “Google” “Huawei”i “Android” mobil əməliyyat sisteminin yenilənməsinə çıxışdan məhrum edib.

Daha sonra “Google” bəyan edib ki, “Huawei” qurğuları üçün yenilənmə ABŞ hakimiyyəti tərəfindən mayın 20-də verilən müvəqqəti lisenziyaya uyğun olaraq yaxın 90 gün ərzində əlçatan olacaq.

©Oxu.az