konfederasiya-prezidenti-neft-qaz-sahesi-kifayet-qeder-is-yeri-yaratmir

Konfederasiya prezidenti: Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır

“Mütəxəssislərin idarəetmə səriştəliliyinin artırılması məqsədilə Təhsil Nazirliyi ilə yanaşı, əlaqəli qurumların da müvafiq inkişaf proqramlarının təşkil olunmasının vacibliyi vurğulanmalı və ölkədə peşəkar səviyyəli texniki mütəxəssislərlə yanaşı, peşəkar menecer kadrlarının hazırlanması günün ən vacib məsələlərindən biri olub”. 

İnsider.az xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Azərbaycan Menecment və İnnovasiya Forumu”nda deyib. Bildirib ki, yaxşı idarəçilərin mövcudluğu texniki mütəxəssislərin mövcudluğu qədər vacibdir və təşkilatlardakı işin gedişini məhz idarəedicilər komandası təmin edir: “Menecerlərin lazımi səviyyədə olmaması işlərin qeyri-effektiv icrasına və inkişafın ləngiməsinə səbəb olur. Buna görə də idarəetmə səriştəsinin tədris və təbliğ edilməsi, bu sahədə ictimai təşkilatların yaradılması və inkişaf etdirilməsi ən vacib məsələlərdən biridir. Dünyada, eləcə də Azərbaycanda müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının inkişafına xüsusi diqqət göstərilir”.

M. Musayev onu da qeyd edib ki, neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır: “İşsizliyin aşağı səviyyədə olması üçün bir sıra digər sahələrlə yanaşı, idarəçilik sahəsinə də diqqət yetirilməli və ictimai təşkilatların  bu işə qoşulması çox vacibdir”.

Şəfa Tapdıq