lombardlarla-bagli-yenilik-olacaq

Lombardlarla bağlı yenilik olacaq

Lombardlarla bağlı yeni qanun layihəsi hazırlanıb.

İnsider.az-ın xəbərinə görə, “Lombardlar haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olub və bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində göstərilir ki, lombardlara müddətsiz lisenziya və icazə veriləcək.

Bununla bağlı adıçəkilən sənədin 18.1-ci bəndində qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsində bildirilir ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər.

Həmçinin, yeni qanun layihəsi ilə lombardların nizamnamə kapitalı milli valyuta ilə formalaşdırılacaq.

Belə ki, qanun layihəsinin 4-cü maddəsində (Lombardın nizamnamə kapitalı) bildirilir ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

Sənəddə qeyd edilir ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.

Eyni zamanda, Azərbaycanda lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq.

Qanun layihəsinin 18-ci maddəsində (Lisenziya və icazə)  qeyd olunur ki, lombard fəaliyyətinə lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödəniləcək.

©Oxu.Az