mallarin-idxali-ucun-verilen-muddet-uzadila-biler-nazirler-kabinetine-muraciet

Malların idxalı üçün verilən müddət uzadıla bilər - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

İnsider.az xəbər verir ki, müraciət malların idxalı üçün verilən müddətin uzadılması ilə bağlıdır.

Qaydalara görə, idxal müqaviləsi üzrə ödəniş aparıldığı gündən 270 gün müddətində mallar ölkəyə idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Əks halda idxalçı cərimələnir.

Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar.  Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.

Qaydaların sahibkarlara əngəl törətdiyini nəzərə alan Palata müddətin uzadılmasını təklif edir. Nazirlər Kabineti Palatanın müraciətini müsbət həll edərsə, sahibkarların cərimələnməsi riski azalar.