mbnp-ve-visa-inc-birge-seminar-kecirilib

MBNP və “Visa Inc.” birgə seminar keçirilib

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə növbəti tədbir keçirilib.

Tədbir “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə ilk dəfə tətbiq ediləcək və nağdsız ödənişlərin inkişafında, habelə innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətinə həsr olunub. İştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.

Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin ödəniş kartı ilə yanaşı digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaqdır.