microsoft-huawei-ye-windows-yenilenmelerini-daha-teqdim-etmeyecek

“Microsoft” “Huawei”-yə “Windows” yenilənmələrini daha təqdim etməyəcək

“Microsoft” ABŞ prezidenti Donald Trampın sərəncamından sonra Çinin “Huawei” şirkətinin “qara” siyahıya salınması ilə bağlı olaraq onunla əməkdaşlığı dayandırmış “Google”, “Qualcomm”, “Intel”, “Broadcom” kimi bir sıra Amerika texnoloji şirkətlərin sıralarını tezliklə doldura bilər.

İnsider.az “Kommersant”-a istinadla bildirir ki, mayın 20-i “Microsoft” bununla bağlı öz bir sıra ölkələrdəki nümayəndəliklərinə sərəncamlar göndərib.

Əməkdaşlığın dayandırılması istehlakçı elektronika və b2b-həllərin seqmentinə toxunacaq. Mənbənin qeyd etdiyinə görə, bu andan etibarən nümayəndəliklərin “Huawei”-lə bütün kommunikasiyaları ancaq “Microsoft” qərargahı üzərindən aparılacaq.

Əməkdaşlığın dayandırılması “Huawei”-i “Windows” proqram təminatı ilə olan mümkün problemlərlə bağlı olaraq noutbuk bazarındakı varlığının genişləndirilməsi üzrə planlarından imtina etməyə məcbur edə bilər.

B2b-seqmentinə gəldikdə isə, “Kommersant” mənbəyinə görə, ABŞ korporasiyasının proqram təminatı serverlərdə və məlumatların saxlanılması üçün həllərdə, həmçinin “Huawei Cloud” servisində istifadə olunur.

“Kommersant” həmsöhbətçisinin fikrincə, Çin şirkəti hadisələrin bu cür inkişafına hazır idi və vəziyyətdən çıxış strategiyasına malikdir. Hər halda onun “Linux” əsasında server həlləri var.

Samirə Məmmədova