milli-avtomobil-yerli-bazar

Milli avtomobil - Yerli bazar

“Ötən ilin nəticələrindən məlum olur ki, ölkədə təxminən 1500-ə qədər avtomobil istehsal olunub. Bunlardan da 900-950-yə yaxını məhz yeni avtomobil zavodunda istehsal olunub. Bu, Azərbaycanda ümumi tələbin çox kiçik bir hissəsidir. Ölkə üzrə müxtəlif qiymətləndirmələrə görə orta hesabla avtomobil bazarında ilkin tələb 40 min civarındadır. Düzdür, son illərdə alıcılıq gücü müəyyən qədər aşağı düşüb. Amma nəzərə almaq lazımdır ki, 2013-cü ildə ölkəyə 100 min avtomobil idxal olunub. 2014-cü ildə müvafiq göstərici 65 min ədəd olub. Bu onu deməyə əsas verir ki, həmin vaxtlarda kifayət qədər yüksək tələbat olub. Hazırda sadəcə alıcılığın aşağı olması göstəriciləri müəyyən qədər aşağı salıb". 

İnsider.az-a açıqlamasında ekspert Rəşad Həsənov Azərbaycanda avtomobil istehsalının yerli avto bazarına təsiri ilə bağlı fikirlərini bölüşərkən bildirib:

"İstənilən halda Azərbaycanda yerli istehsalın bazarda mövqeyi əhəmiyyətli səviyyəyə çata bilər ki, bunun bağlı ictimaiyyətə verilən açıqlamalar açılan zavodların gücünü əks etdirməlidir. Məsələn, Neftçalada açılan zavodun təxminən ilə 10 min avtomobil istehsal etməsi, Hacıqabulda 1100 civarında avtomobilin istehsal edilməsi və s.. Ən azından bazarda 20-25%-lik təkliflə pay əldə edilsə, o zaman təbii ki, o idxala ciddi təsir göstərə bilər. 2019- 2020-ci illərdə idxal istənilən halda azalacaq. Bunun səbəbləri də tətbiq olunan vergi-gömrük siyasəti ilə əlaqədardır. Aksiz vergilərinin, rüsumların artırılması ölkəyə idxal edilən avtomobillərin həcminə ciddi təsir göstərir. Çünki bazarda qiymətlərin artması hələlik bu istiqamətdə müəyyən qədər tələbin səviyyəsini aşağı salacaq. Növbəti dövrlərdə vəziyyətin necə dəyişəcəyi daha çox yerli istehsalın özünü necə tanıtmasından, öz keyfiyyətini bazarda necə sübut edəcəyindən asılıdır. Çünki bununla bağlı bizim acı təcrübələrimiz olub. Məlumdur ki, Şamaxı avtomobil zavodu, Naxçıvan avtomobil zavodu – onların istehsal etdikləri məhsullar bazarda özünə yer tuta bilməyib. İndiki halda yeni açılan avtomobil zavodlarının əsas hədəfi məhz keyfiyyət baxımından özünü yerli bazarda sübut etmək və yerli alıcını inandıra bilməkdir. Yerli istehsalın ümumiyyətlə reputasiyası aşağıdır. Son illərdə ərzaq məhsulları üzrə bu indiqator dəyişir, amma qeyri-ərzaq məhsullarında insanlar yerli istehsal olunan məhsullara üstünlük vermirlər. Həmin məhsulların keyfiyyətinə inam olduqca aşağı olur. Bu cəhət xüsusilə elektro-texnikada özünü göstərir. Avtomobil innovasiyanı özündə birləşdirən məhsul növü olduğu üçün daha çox səy göstərilməlidir. İstehsal olunan avtomobillər keyfiyyət baxımından ən azından orta standartlara cavab verməlidir ki, yerli alıcı son nəticədə bu məhsulların alışına üstünlük versin. Ola bilsin ki, gələcəkdə qeyd olunan avtomobil zavodları öz gücünü artırıb hədəflərinə çata bilsin. Lakin istehsal olunan yerli avtomobillər satılmadığı təqdirdə, onların istehsalı çox qısa dövrdə davam edəcək. Ona görə də ilk olaraq bazarla işləməli, bazarın tələbləri nəzərə alınmalıdır. Xüsusilə son iki ildə hökumətin həyata keçirdiyi siyasət yerli avtomobil sənayesi üçün kifayət qədər əlverişli rəqabət mühiti formalaşdırır". 

Ekspert Nüsrət İbrahimov yerli istehsal olan avtomobillərin qiymətlərinin çox da yüksək olmadığını vurğulayır: 

“Yerli istehsal olan avtomobillərin qiymətləri 16 min manat civarındadır. Qiymətlərin elə də yüksək olmadığını düşünürəm. Çünki ehtiyat hissələrinin ölkəmizdə istehsalı olmadığı üçün həmin hissələrin xaricdən alıb gətirilməsi əsas məbləği tutur. Bütün detalların istehsalı bizdə olunsa, əlbəttə, qoyulan məbləğ yüksək hesab edilə bilər. Avtomobil istehsalında sadəcə yığılma prosesi ölkəmizdə aparılır”. 

Ekspert Rəşad Həsənov əksinə yerli avtomobillərin qiymətlərinin əhalinin gəlirinə nisbətən yüksək olduğunu vurğulayıb: “Yerli avtomobillərin ərsəyə gəlməsində lazım olan detalların əksər hissəsi idxal olunur. Onun gətirilməsi xarici valyutadan asılıdır. Ölkəmizdə müəyyən kiçik detalların hazırlanması istiqamətində işlər görülüb. Bu da maya dəyərini artıran əsas səbəblərdən biridir”. 

Nüsrət İbrahimov son günlərdə avtomobil bazarında müşahidə olunan bahalaşmadan danışıb:

“Bahalaşma əsasən idxalla bağlıdır. Belə ki, mühərrikin həcmindən asılı olaraq gömrük rüsumlarında olan artım bu bahalaşmaya təsir edir. Avtomobillərin bir hissəsi yanvar ayında ölkəyə gətirilib. Ümumi bazarda həmin təzə gətirilən avtomobillərin payı 3% olub. Fevral ayında daha bir hissəsi gətirilib. Həmin göstərici 8%-ə qədər artıb. Faiz göstəricisi artdıqca, bu, ümumi orta qiymətlərə təsir edir. Bu artım birinci əl avtomobillərə öz təsirini edir. Birinci əl avtomobillər bahalaşdıqca ikinci əl avtomobillərin qiymətinə bilavasitə təsir edir. “Land Cruser” əvvəllər 80 min dollara satılırdısa, indi 77-78 min dollara satılır. Yəni dollarla qiymət aşağı düşüb. Manatla götürdükdə isə qiymət qalxıb. İndi gömrük rüsumunda da fərq yaranıb. Məsələn, əvvəl mühərrikin həcminin hər kubuna 5 manat ödənilirdisə, indi həmin qiymət 7.50 manat olub. Köhnə avtomobilini satan şəxslər də təzəsini almaq istəyir. Ona görə köhnəni baha qiymətə satırlar ki, təzəsini almağa müəyyən qədər gücləri çatsın. Köhnələrin bahalaşma səbəbi dollardırsa, təzə avtomobillərin bahalaşma səbəbi idxal xərcləridir”.

Avtomobil bazarında tətbiq edilən qiymət artımının gözlənilən olduğunu bildirən Rəşad Həsənov əsas səbəblərini açıqlayıb:

“Avtomobil bazarında tətbiq edilən qiymət artımı gözlənilən idi. Məlumdur ki, 2019-cu ilin yanvar ayından etibarən aksiz vergisi çox ciddi səviyyədə artırılıb. Mühərrik gücündən asılı olaraq bəzi hallarda 30 min manata qədər qiymət fərqi yaranıb. Son nəticədə də artırılan xərclər avtomobilin maya dəyərinin üzərinə əlavə edilir ki, bazarda təklif edilən qiymətlər də bu əsasda formalaşır. Eyni zamanda yaranmış situasiyanı dəyərləndirən təkrar bazarda da qiymət artımları baş verir. Son qiymət artımlarının səbəbi məhz bundan ibarətdir. Gözlənti idxalın əhəmiyyətli səviyyədə azalmağı və təkrar bazara tələbin yüksəlməyi istiqamətindədir. Bu fonda da təklif edən tərəf qiymətləri artırır. Müəyyən dövrdən sonra həmin tələbi formalaşdıran alıcılıq gücünün olmaması artmış qiymətlərin azalmasına gətirib çıxaracaq. Həm də ilkin avtomobil bazarında da şirkətlər öz marjalarında da güzəştə getməli olacaqlar ki, alıcı cəlb edə bilsinlər və yerli bazara uyğun olsun”. 

Hansı yanacaq növündə çalışan avtomobillərin alınması daha sərfəlidir?

Nüsrət İbrahimov bu suala cavab olaraq benzinlə çalışan avtomobillərin daha uyğun olduğunu söyləyib. Xidmət olaraq digərlərinin baha başa gəldiyini, təmir işlərinin və ehtiyat hissələrinin qiymətinin yüksək olduğunu bildirib. 

Rəşad Həsənov da avtomobil alıcılarına seçimləri zamanı diqqət etməli nüansları  açıqlayıb:

“Maddi cəhətdən elektriklə çalışan avtomobillərin alınması daha məqsədə uyğundur. Amma bizdə infrastruktur buna imkan verirmi? Yaxud vətəndaşın alıcılıq gücü buna cavab verirmi? Elektriklə işləyən avtomobillərin qiyməti yüksəkdir. Bizim ölkədə buna uyğun infrastruktur isə çox zəifdir. Son dövrlər ölkəyə bir neçə “Tesla”-nın gətirildiyi ilə bağlı məlumatlar var. Paytaxtımızda isə cəmi iki yerdə bu növ avtomobillərin enerji ilə təchizatını təmin edən infrastruktur vardır. Bir sözlə, elektrik əsasında çalışan avtomobillərin Azərbaycan ərazisində özünü doğrultması hələ uzun zaman aparacaq.
İndiki halda isə sürücülərin ekonom avtomobillərə daha çox üstünlük vermələri daha məqsədəuyğundur. Eyni zamanda zavod istehsalı olan qazyandırma mexanizmləri ilə təmin olunmuş avtomobillər də sərfəli hesab oluna bilər. Amma burda daha çox təhlükəsizlik şərtlərinə əməl olunması çox vacib məsələlərdən biridir”.

Nübar Lətifli