nato-tesadufen-nuve-silahinin-dislokasiya-yerini-meydana-cixardi

NATO təsadüfən nüvə silahının dislokasiya yerini meydana çıxardı

ABŞ-ın nüvə silahının yerləşdiyi məkanlar NATO Parlament Assambleyasının komitəsinin hesabatında təsadüfən açıqlanıb. İnsider.az bunu “Washington Post”-a istinadla xəbər verir.

NATO Parlament Assambleyasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin kanadalı üzvünün “Nüvə qarşısı alınmasının yeni dövrü? Müttəfiqlərin müasirləşməsi, silahlanma nəzarəti və nüvə qüvvələri” adlı hesabatı aprel ayında dərc edilmişdi, lakin sonra silindi.

Qəzetin verdiyi xəbərə görə, bu hesabatda ABŞ-ın Avropdada saxlanılan təxminən 150 ədəd nüvə silahının yeri qeyd olunur.

Hesabatın nüsxəsini çərşənbə axşamı belçikalı “De Morgen” qəzeti də dərc edib. Orada qeyd olunur ki, “bombalar altı amerikan və avropa bazalarında – Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Niderlandda “Volkel” vəTürkiyənin “İncirlik” bazasında saxlanılır".

Sənəddə məlumat hər hansı istinad olmadan verilir. Qəzet qeyd edir ki, ötən həftə silahın saxlanma yeri barədə heç bir məlumatın olmadığı hesabatın son versiyası nəşr olunub.

Hesabatın müəllifi Cozef Dey bildirib ki, sənəddəki bütün məlumat açıq mənbələrdən olan materiallardır.

Gizli qalmaq istəyən NATO-dan olan mənbə isə “bunun NATO-nun qeyri-rəsmi sənədi” olduğunu bildirib. “Biz NATO-nun nüvə potensialının detallarını şərh etmirik”, - deyə o, qeyd edib.

Buna baxmayaraq, bir çox KİV-lər hesabatı çoxdan əksəriyyətə məlum olan faktın təsdiqi kimi qəbul ediblər.

Samirə Məmmədova