nazir-muavini-deniz-etrafindaki-restoran-sahiblerine-muraciet-etdi

Nazir müavini dəniz ətrafındakı restoran sahiblərinə - MÜRACİƏT ETDİ

Bu gün “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.

İnsider.az xəbər verir ki, ETSN əməkdaşları, YAP nümayəndələri, millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb. 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə “Xəzər günü”nün simvolik bayram olduğunu vurğulayıb: “YAP və ETSN-nin birgə təşkil etdiyi bu tədbir böyük simvolik əhəmiyyət daşıyır". 

Tədbir incəsənət xadimlərinin çıxışı ilə davam edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə deyib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir: “Bu gün aksiyada iştirak edən insanları Xəzərin çirklənməsinin qarşısını almaq birləşdirir. Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir”.

Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edib: “Təmizləyici qurğuların qurulması vacibdir. İş adamlarının bir qismi iaşə obyektlərində belə qurğular quraşdırıb, quraşdırmayanlara da müraciət edirik ki, belə qurğular quraşdırsınlar. Nazirlik olaraq təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik. Çimərliyə gələnlər də yemək qalıqlarını dənizə atmasınlar”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

©APA