qebiristanliqda-bos-yerlerin-olmadigini-nece-deqiqlesdirek-huquqsunas

Qəbiristanlıqda boş yerlərin olmadığını necə dəqiqləşdirək- HÜQUQŞÜNAS

“Qəbiristanlıqlarda yerlərin satılması qanunla yolverilməzdir”.

Bu sözləri İnsider.az-a açıqlamasında qəbiristanlıqların idarə olunmasının bələdiyyələrə tapşırılmasını nəzərdə tutan qanun dəyişikliklərinə aydınlıq gətirən Bakı şəhəri, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov deyib. 

Qeyd edək ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Qaydaları Baş nazir Novruz Məmmədov imzalayıb. 

Zakir Cəfərov qəbiristanlıqların salınması və idarə olunması qaydalarına əsasən ödənişsiz qəbir yerlərinin hansı vətəndaşlara şamil olunduğunu açıqlayıb: “Azərbaycan vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerlərini qəbiristanlıq müdiriyyəti ödənişsiz ayırır. Onların satışı qanun çərçivəsində yol verilməzdir”. 

Zakir Cəfərovun sözlərinə görə, qəbir yeri almaq üçün ölmüş şəxsin yaxınları tələb olunan sənədlərlə qəbiristanlıq müdiriyyətinə müraciət etməlidir:  “Qanunda deyilir ki, ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslər dəfn mərasiminin təşkili ilə əlaqədar qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət edirlər. Ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin ərizəsinə ölüm faktını təsdiq edən sənədin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Bunlardan əlavə, ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə müəyyən edilən hallarda yalnız ölüm haqqında şəhadətnamənin surəti təqdim olunur”. 

Yer seçimində vətəndaşın səlahiyyətlərindən danışan bələdiyyə sədri bildirib ki, vətəndaşın qeydiyyatda olduğu yerin qəbiristanlıq seçiminə təsiri qanunda göstərilməyib, yalnız vəfat etmiş şəxsin yaxınlarının müraciət etdiyi qəbiristanlıq ifadəsi qeyd olunub: “Qaydalara görə, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət-ənənələrinə uyğun olaraq, qəbir yerlərinin müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır. Qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir. Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda boş yer olmadıqda və ya müvafiq sənədlər təqdim edilmədikdə, qəbir yerinin ayrılmasından imtina barədə ölmüş şəxsin qohumlarını, qanuni nümayəndələrini və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxsləri dərhal məlumatlandırır. Boş yer olmadıqda bələdiyyəni məlumatlandırmaqla, qəbiristanlığın müdiriyyəti digər qəbiristanlıqda boş yerin ayrılmasına yardım etməli və həmin gün bu barədə məlumatı bələdiyyəyə təqdim etməlidir”. 

Həyatda olan birinin ölmündən öncə özünə məzar yeri tutması qanunla mümkündürmü? 

Zakir Cəfərovun sözlərinə görə, qəbir yerlərinin əvvəlcədən saxlanılması qanunsuzdur. Yalnız müəyyən şərtlər daxilində bu mümkündür: "Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin və ya arvadının yazılı müraciəti əsasında yol verilir".

Zakir Cəfərov qanuna zidd olaraq məzar yeri satanlarla vətəndaşların necə davranmalı olduğuna da aydınlıq gətirib: “Bu barədə 

qəbiristanlığın müdriyyətinə, yerli bələdiyyəyə və ya digər icra orqanına müraciət oluna bilər. Onu da qeyd edim ki, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur”.

Zakir Cəfərov vətəndaşa qəbiristanlıqlarda boş yerlərin olmadığı deyildiyi zaman bunu dəqiqləşdirmək üçün bütün səlahiyyətlər bələdiyyələrə təhvil verildikdən sonra onlardan öyrənə biləcəklərini qeyd edib.

“Qəbiristanlıq üzərində monopoliya var”.

Bu sözləri hüquqşünas Səməd Vəkilov deyib.

Onun sözlərinə görə, qəbiristanlıq üzərində monopoliya yolverilməzdir: “Bizə mədəniyyətcə, etnik kök etibarilə yaxın olan Türkiyədə qəbiristanlıqlara bütün səlahiyyətlər bələdiyyələrə həvalə edilib. Bizdə bu məsələ hələ tam təhvil verilməyib. Qəbiristanlıqlarda məzar yerlərinə ödənilən pul qeyri-rəsmi ödənişdir. Onların heç bir rəsmi statusu yoxdur. Əksinə, qanuna görə vəfat etmiş şəxsə hökumət dəfn xərcləri ilə bağlı birdəfəlik müavinət ayırır”. 

Səməd Vəkilov vətəndaşların məzar yerlərinin satılması ilə bağlı şikayət olmadığını bildirib:
“Hamı bilir ki, məzar yerləri baha qiymətə, hətta çox baha qiymətə satılır. Bu günə kimi bu satışların qeyri-qanuni olması ilə bağlı hər hansı bir şikayət olmayıb. Bütün səlahiyyətlər bələdiyyələrə təhvil verilsə vətəndaşlar qeyri- qanuni tələb olunan məbləğə görə bələdiyyəyə şikayət edə bilər. 
Dəfn üçün müavinət 120 manat qəbul olunub, lakin bildiyimiz kimi bu, tələb olunan məbləği ödəmir, bələdiyyələr tam şəkildə təhvil aldıqda bu qeyri- qanuni satışın aradan qaldırılmasına nəzarət onların işi olacaq və şikayət də onlara ediləcək”.

Qəbiristanlıqda məzar yerlərinin ölmədən öncə saxlanılmasının da qeyri-qanuni olduğunu bildirən hüquqşünas Azərbaycanda yas mərasimlərinə edilən dəyişikliklərə də toxunub: “Qəbiristanlıqda məzar yerlərinin ölmədən öncə tutulmasına qanun icazə vermir. Həmin yerin saxlanılması qanuna ziddir. Lakin qeyd edim ki, cinayət məcəlləsində də bununla bağlı hər hansı cəza məddəsi yoxdur. 

Yas mərasimlərinə edilən dəyişikliklər adət-ənənələrimizə görə həyata keçirilmir. Lakin Naxçıvan bölgəsində yas mərasimlərində edilən dəyişiklik, məsələn yemək verilməməyi, adət şəklini alıb. Bunu əvvəl Bakı şəhərində də tətbiq eləmək istədilər. Lakin bir müddət sonra bu özünü doğrultmadı. Milli Məclisdə bununla bağlı qanun layihəsi qəbul edilməlidir”.

İnsan öldüyü zaman tələb olunan sənədlərdən danışan hüquqşünas hal-hazırda tanışlıq və adət ənənələrin əsas götürüldüyünü, tələb olunan heç bir sənədin təqdim edilmədiyini qeyd edib: 
“Əsasən şəxsiyyət vəsiqəsi və ölüm haqqında sənədin təqdim olunması var. Lakin ölüm haqqında sənədin alınması müəyyən bir prosedur tələb edir. O da vaxt aldığı üçün heç nə təqdim edilmir. Vəfat etmiş şəxsin kimliyi, hansı səbəbdən ölməyi kimi hallar qəbiristanlıq nümayəndəsinə təqdim edilmir. Vəfat etmiş şəxsin yaxınlarından istənilən şəxs dəfn yeri ayırtmaq üçün müraciət edə bilər. Onun qanunla hər hansı bir tələbi yoxdur”. 

Qəbiristanlıqda boş yerlərin olub olmamasını necə dəqiqləşdirmək olar? 

“Bələdiyyələrin nəzarəti tam şəkildə təmin olunduqda bununla bağlı həmin əraziyə nəzarət edən bələdiyyəyə müraciət etmək mümkün olacaq. Bununla bağlı da hər-hansı müraciət olmayıb”. 

Qeydiyyatda olduğu ərazinin məzar yeri seçiminə təsir etməyinə münasibət bildirən Səməd Vəkilov belə bir qərar olarsa, problemlər yaradacağını qeyd edib.: “Bu məsələ bir az problemlidir. Belə ki, biri Bakı qeydiyyatındadır, atası rayon qeydiyyatında və oğul atasını rahat ziyarət etmək üçün Bakıda dəfn etmək istəyir. Bu yenə "bazar" yaranmasına səbəb olacaq. Ona görə bununla bağlı hər hansı bir tələb qoyulmaması daha uyğun olar. Əslində xarici ölkələrdə məzar yerlərinə dövlət tərəfindən müəyyən edilmiş rüsum var. Məsələn Almaniyada bununla bağlı rüsum var, rüsum ödənilmədiyi təqdirdə vəfat etmiş şəxs müraciət edilən qəbiristanlıqda basdırılmır”.

Nübar Lətifli