sahibkarliq-sahesinde-yoxlamalara-icaze-verildi

Sahibkarlıq sahəsində yoxlamalara İCAZƏ VERİLDİ

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” mövcud qanun dəyişdirilir.

İnsider.az xəbər verir ki, sözügedən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Ölkə prezidentinin təqdimatı ilə parlamentə, sözügedən komitəyə daxil olan qanun layihəsində qeyd olunur ki, mövcud qanunun 2.2-ci maddəsindəki “vergi yoxlamalarına” sözlərindən sonra “tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilsin.

Həmçinin, 10.3-cü maddədəki “sahəsində” sözünün “yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözləri ilə əvəzlənməsi təklif edilir.

Qeyd hissəsində isə göstərilir ki, qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Belə ki, adıçəkilən qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-dək dayandırılıb.

Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.