sigortaedenlerin-ve-sigortaolunanlarin-ucotu-qaydalari-hazirlanir

Sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır

Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır.

İnsider.az xəbər verir ki, nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda isə bu qaydalar üzərində iş aparılır.

Nazirlik rəsmisi vurğulayıb ki, yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim olunub.

Ə.Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır: "Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz, eyni zamanda, ictimai təşkilatlarla da çalışmaq istəyirik".

O qeyd edib ki, cari ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var.

Ə.Məmmədov nəzərə çatdırıb ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5971-i Vergilər Nazirliyində uçota alınıb.

©Azərtac