Menu

Almaniyanın "Cənub Qaz Dəhlizi" layihəsinə vəsait ayırması məsələsi bu ilin sonuna qədər həll olunacaq

insider.az / Biznes Oktyabr 09, 2018 10:50 19


"Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün Almaniyanın 1,5mlrd. dollar məbləğində vəsait ayırması məsələsinin bu ilin sonuna qədər həll olunacağı gözlənilir.

İnsider.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes forumundakı çıxışında bildirib.

O qeyd edib ki, maliyyələşmə ilə bağlı danışıqlar aparılıb, razılıq əldə edilib: "2018-ci ilin sonuna maliyyələşmə ilə bağlı məsələnin yekunlaşacağına ümid edirik".

"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev daha əvvəl bildirmişdi ki, "Şahdəniz" və TANAP üçün 1,5 mlrd. dollara qədər vəsait üçün Almaniyanın "Hermes" agentliyi ilə danışıqlar aparılır.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz 2" layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.