Menu

Avropa birjaları çökdü

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 13:51 95

ABŞ-Çin ticarət müharibəsinin şirkətlərin gəlirlərini aşağı salacağının gözlənilməsi ilə Avropa birjaları 20 aydan çox müddətin ən aşağı səviyyəsinə enib.

İnsider.az "Marja"ya istinadla xəbər verir ki, "Stoxx Europe 600" İndeksi 1.7% düşüb və  2017-ci ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enib.

“Total” və “Shell” şirkətlərinin səhmləri Brent neftin ucuzlaşması ilə 2%-dən çox düşüb. İtaliya birjası da düşüb və "ayı bazarı"na yaxınlaşıb. Texnologiya səhmləri təzyiq altındadır.

Avropa birjaları dünən də martdan bəri ən aşağı səviyyəyə düşmüşdü.

Almaniyada DAX İndeksi 1.1%, Fransada CAC 40 İndeksi 1.4%, Britaniyada FTSE 100 İndeksi isə 1.7% geriləyib.

Qeyd edək ki, ötən həftələr 86 dolları keçən Brent nefti bu gün 81 dollara düşüb.

Əlavə edək ki, Yaponiya səhmlərində Martdan bəri ən kəskin ucuzlaşma baş verib.

Xəbər verdiyimiz kimi, ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən "ticarət müharibəsi"nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 

Çərşənbə günü Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.