Menu

“Bank Silk Way”-in müştərilərinin narazılığının SƏBƏBİ

insider.az / Sosium Oktyabr 06, 2018 11:00 609

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar loyallıq klubu layihələri çərçivəsində müştərilərə bir sıra imtiyazlar təklif edir. Əksər hallarda isə imtiyazlar plastik kartlardan istifadə ilə əlaqəli olur. “Miles” kartlarının təyinatı da banka loyallıqları müqabilində müştərilərə bir sıra imtiyazların verilməsində ibarətdir. 

Qeyd edək ki, bəzi loyallıq klubları kartlardan istifadə zamanı müştəriyə sərf etdiyi məbləğin kiçik bir hissəsini geri qaytarır. Bu məbləğ bəzən “cash – back” formasında, bəzən də bonus formasında əks olunur. 

Müştərilərinə “Miles” kart təklif edən banklarımızdan biri də “Bank Silkway ASC”-dir. “Bank Silk Way”in mil (bal) hesablamalarında dəyişikliklər avtomatik olaraq “Azal Miles” proqramının iştirakçısına çevrilir və  kartdan istifadə etdikləri vəsaitlərin müqabilində bonus olaraq “Bal” əldə etmiş olurlar. Müştərilər qazanılmış “Bal”ları AZAL hava xətti ilə uçan zaman xidmət sinfinin pulsuz olaraq ekonomdan biznesə dəyişdirilməsinə və ya aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin əldə edilməsinə sərf edə bilər.

Qeyd edək ki, bir neçə gün öncə “Bank Silk Way”in mil (bal) hesablamalarında dəyişikliklər edilib. Belə ki, cari ilin oktyabrın 1-dən qüvvəyə minən  “SW Miles” kartları üzrə yeni hesablanma aşağıdakı kimidir:

Cədvəldən də 1 bal qazanmaq üçün əvvəllər və indi sərf olunan məbləğlər arasında fərqin olduğu görünür. Bəs “Bank Silk Way”-in “Miles” kartları üzrə yeni hesablanma sistemi artıq müqavilə bağlanmış müştərilərə də şamil edilirmi? Bu yenilik barədə müştərilərə bildiriş göndərilibmi? Şərtlərin bu şəkildə dəyişdirilməsi nə dərəcədə qanuna müvafiqdir?

İnsider.az “Bank Silk Way”-in oktyabrın 1-dən “Miles” kartları üzrə yeni hesablanma tətbiq edəcəyi barədə bildiriş almayan narazı istifadəçinin xahişi ilə araşdırma aparıb.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, qeyd olunan mübahisədə həlledici rolu tərəflər arasında bağlanmış müqavilə oynayır. 

“Əgər tərəflər arasında bağlanmış müqavilədə “bank tariflərin məbləğini birtərəfli qaydada dəyişə bilər” bəndi mövcuddursa, qanun buna heç bir qadağa qoya bilməz”, - deyə hüquqşünas bildirib.

Bankın istifadəçisinin ofisimizə yolladığı müqavilənin 4-cü maddəsinin 4.1 bəndinin (bankın hüquqları) 4.1.1 alt bəndində “tariflərin məbləğini birtərəfli qaydada dəyişmək” qeyd olunub. Lakin müqavilənin elə həmin maddəsinin 4.2 bəndinin (bankın vəzifələri) 4.2.1 alt bəndinə əsasən, bank tariflərin dəyişilməsi barədə, dəyişikliklərin baş verdiyi tarixdən beş iş günü ərzində müştəriyə xəbərdar etməlidir.

Əkrəm Həsənov bununla bağlı açıqlamasında bildirib ki, qeyd olunan tarixədək bildiriş almayan vətəndaş tariflərin dəyişdirilməsinə etiraz edə bilər və hesablaşmanın əvvəlki qiymətlərlə aparılmasını tələb edə bilər.

“Tərəflər öz aralarında razılığa gəlmədiyi halda, bankın narazı müştərisi məhkəməyə müraciət edə bilər. Bu halda “Silk Way” məhkəmədə müştəriyə tariflərin dəyişdirilməsi ilə bağlı beş gün ərzində bildiriş yolladığını sübut etməlidir”, - deyə hüquqşünas bildirib. 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bəzi biznes qurumları yeni layihələr həyata keçirərkən istehlakçıları cəlb etmək üçün ən müxtəlif xoşagəlməz “priyomlardan” istifadə etməyə başlayırlar. Bu isə istehlakçların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

“İstehlakçılar hüquqlarının qorunması üçün ilk növbədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidirlər. Xidmət isə öz növbəsində daxil olmuş şikayətlə bağlı araşdırmalar aparmalıdır. Əks halda narazı istehlakçı məhkəməyə müraciət edib hüquqlarının qorunmasını tələb edə bilər”, - deyə E.Hüseynov bildirib.

Qeyd edək ki, bankın “Miles” kart istifadəçiləri “Bank Silk Way”-in sosial şəbəkələrdəki hesablarında narazılıqlarını bildirməyə başlayıblar: