Menu

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 166 ölkədən məhsul idxal olub

insider.az / Maliyyə Oktyabr 11, 2018 12:46 13

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən İnsider.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20275,7 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 13412,2 mln. dollar, idxalın dəyəri 6863,5 mln. dollar təşkil edib, nəticədə 6548,7 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-avqustayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8%, o cümlədən ixrac 37,7%, idxal 29,5% artıb. Real ifadədə dövriyyə 0,2%, o cümlədən ixrac 1,0% artıb, idxal isə 1,2% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7%-ni İtaliyaya, 8,4%-ni Türkiyəyə, 6,7%-ni İsrailə, 4,8%-ni Almaniyaya, 4,6%-ni Hindistana, 4,3%-ni Tayvana (Çinin əyaləti), 3,8%-ni Çexiyaya, 3,6%-ni İndoneziyaya, 3,3%-ni Kanadaya, 3,2%-ni Rusiyaya, 3,1%-ni Portuqaliyaya, 3,0%-ni Fransaya, 2,8%-ni Gürcüstana, 2,6%-ni İspaniyaya, qalan 18,1%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5%-i Rusiya, 14,6%-i Türkiyə, 10,5%-i Çin, 6,3%-i Almaniya, 5,2%-i ABŞ, 4,0%-i Ukrayna, 3,2%-i İtaliya, 2,8%-i Yaponiya, 2,6%-i İran, 2,4%-i Cənubi Afrika Respublikası, 2,3%-i Birləşmiş Krallıq, 2,2%-i İsveçrə, 28,4%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-avqust aylarında 1093,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5%, real ifadədə isə 4,0% çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6%, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, kartof – 15,5%, bitki yağları – 1,2%, meyvə və tərəvəz konservləri – 14,9%, polietilen – 16,8%, emal olunmamış alüminium – 18,3%, pambıq lifi – 2,1 dəfə, qara metallardan borular – 8,4%, pambıq ipliyi – 25,7% artıb, təzə tərəvəz ixracı isə 3,3%, şəkər – 39,4%,tütün – 23,3%, meyvə və tərəvəz şirələri – 13,0%, çay – 22,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,9%, qara metallardan yarımfabrikatlar – 69,7%, bentonit gili– 4,5% azalıb.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4%, bitki yağları – 5,0%, təzə meyvə – 50,2%, çay – 9,0%, quş əti və onun əlavə məhsulları – 16,4%, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,6 dəfə, qara metallardan çubuqlar – 32,0%, mineral gübrələr – 57,2%, mebellər – 22,5%, hesablama maşınları, blok və qurğuları – 6,5%, polietilen – 34,2%, məişət kondisionerləri – 27,0%, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 20,9%, sement və sement klinkerləri – 64,8%, məişət soyuducuları – 2,1 dəfə artıb, siqaretidxalı isə 1,6%, xam şəkər və şəkər – 36,2%, kərə yağı, digər süd yağları və pastaları – 22,0%, kartof – 18,4%, mal əti – 21,7%, təzə tərəvəz – 47,1%, polad prokatı – 3,2%, qara metallardan künclüklər ­– 5,4%, avtobuslar – 25,4% azalıb.

Nigar Əhmədova