Menu

IBM iqtisadiyyatın rəqəmsal transformasiyasında Azərbaycana yardım edəcək

insider.az / İKT Oktyabr 11, 2018 10:04 218

Azərbaycan Mərkəzi Bankı blokçeyn texnologiyaları sahəsində IBM şirkəti ilə əməkdaşlıq edəcək.

İnsider.az xəbər verir ki, bu barədə Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunda AMB-nin informasiya texnologiyaları departamentinin direktoru Farid Osmanov bildirib. Onun sözlərinə görə, söhbət iki istiqamətdə realizə ediləcək çox böyük proqramdan gedir. “Birinci istiqamət rəqəmsal transformasiya üzrə planlara cavab verir.

Bu təşəbbüs, ölkənin iqtisadiyyatının və bank sektorunun tələblərinin ödənməsinə istiqamətlənən təxminən beş illik plan çərçivəsində həyata keçiriləcək. İkinci istiqamət – rəqəmsal identifikasiya sisteminin hazırlanmasına istiqamətlənib”, - deyə bildirib.

Osmanovun sözlərinə görə, hazırda Mərkəzi bank kommersiya banklarına məlumatı toplamaq, saxlamaq və təhlil etmək imkanı verən tətbiqi proqram üzərində işləyir. O, həmçinin AMB-nin xüsusi diqqət ayıracağı istiqamət olduğunu qeyd edib.

“Blokçeyn texnologiyalarının istifadəsi nağdsız ödənişlər üzrə Dövlət proqramında nəzərdə tutulub. Hazırda blokçeyn platformasının tətbiqi layihəsinin texniki əsaslandırılması hazırlanır. Əsas məqsəd odur ki, kommersiya bankları öz müştəriləri ilə işləyə və onlara göstərilən xidmətlərə zamanında çıxışı təmin edə bilsinlər”, - Osmanov deyib.

Hazırda bankda hesab açmaq istəyən şəxslər bank ofisinə gəlməlidirlər bu isə zaman tələb edir.

“Biz bu istiqamətdə MBNP ilə işləmişik və nəticə hesab açılmasının operativliyinin təminatı olub. İcazə əldə edildikdən sonra kommersiya bankları bu informasiyaya dövlət portalı vasitəsilə çıxış əldə edəcək və müştərinin adına sayılı saniyələr ərzində hesab açılacaq. Digər üstünlük isə mövcud informasiya sayəsində bank müştərilərinin kredit ala biləcəkləridir. Bu nöqteyi-nəzərdən blokçeyn platforması faydalı ola bilər. Bu ilk layihədir. Böyük ehtimal ilə demək olar ki, bu layihənin yardımı ilə strategiya formalaşdırmaq və böyük nəticələr əldə etmək mümkündür. Bundan başqa blokçeyn platformasının tətbiqi mütəxəssislər üçün yeni imkanlar açacaq”, - Osmanov deyib.