Menu

İlk növbədə hansı işçilərlə vidalaşmaq lazımdır? - Şirkətlərdən rəylər

insider.az / Biznes Noyabr 23, 2018 14:30 334

Bildiyimiz kimi istənilən kollektivdə digərlərinə pozitiv və ya neqativ təsir göstərən əməkdaşlar mövcuddur. Təbii ki, heç bir rəhbər komandasında ümumi işə xələl gətirən, digər əməkdaşların  əhvalına, kollektivə mənfi təsir göstərən zərərverici əməkdaşlar görmək istəmir.  

İnsider.az qabaqcıl şirkətlərin nümayəndələri ilə əlaqə saxlayaraq, onların komandası “İlk növbədə hansı işçilərlə vidalaşır?” sualını verdi. Cavabları təqdim edirik:

Andrey Krupin, “Allianz Consult” şikətində məsləhətçi - partnyor

İlk növbədə nəticə göstərə bilməyən işçilərlə vidalaşmaq lazımdır. Nəticə isə qarşıya qoyulmuş məqsədlərdən asılıdır. Nəzərə alınmalıdır ki, rəhbərlik işçilərin qarşısında yerinə yetirilə bilən məqsədlər qoymalıdır. Bunun üçün konsaltinqdə SMART - Predmetlik, Ölçüyə gələn, Mümkün olan (yəni resurslarla təmin olunan), Razılaşdırılmış (qərar verən şəxslərlə), Vaxt çərçivəsinə sığan - abreviaturasından istifadə olunmalıdır.

Hansı keyfiyyətlər arzulanmazdır?

Birincisi - intizamsızlıq (gecikmə, qaydalara riayət etməmək, sənədlərlə, maliyyə məsələləri ilə iş zamanı səliqəsizlik),

İkincisi - münaqişəlilik (daha dəqiq desək, rəhbərliklə deyil, kollektiv daxilində və ya müştərilərlə)

Üçüncüsü -  məsuliyyətsizlik (səhlənkarlıq, işi başqalarına yönəltmək, laqeydlik) yolverilməzdir.

Rəna Əliyeva, “Project Factory” şirkətinin rəhbəri

Mən həmişə ilk növbədə insani xüsusiyyətlərə böyük önəm verirəm. Belə ki, insanların üzərində müəyyən qədər işləməklə, onlarda peşəkar göstəriciləri kifayət qədər inkişaf etdirmək mümkündür.  Məsələn, əməkdaşının profil yönümlü təlimlərdə iştirakını təmin etməklə, onları doğru istiqamətə yönəldə bilərsiniz, zaman keçdikcə isə onlar lazımi təcrübəni də əldə edə bilərlər. Lakin insanlara qarşı məsuliyyətli olmaq, işinə ciddi yanaşmaq, tənbəl olmamaq və s. bu kimi xüsusiyyətlər isə insanın təbiətindən gəlir.

Bu xüsusiyyətlər ya olur, ya olmur. Onları sonradan insanda aşılamaq mümkün deyil. Məsələn, nəyisə bilməyəndə, onu öyrənmək olar. İnsanda artıq formalaşmış yalan danışmaq, səlahiyyətlərindən yayınmaq və s. bu kimi xoşagəlməz kefiyyətlər isə ümumiyyətlə düzəlmir. Ona görə də mən şəxsi keyfiyyətlərə önəm verirəm. Məncə ilk növbədə bu vacibdir.

Bir məqamı qeyd edim ki, insanları qavrama qabiliyyətinə görə 3 tipə bölmək olar: asan, orta və çətin qavrayanlara. Əvvəllər mən düşünürdüm ki, bu qabiliyyətin formalaşmasında yaş faktoru rol oynayır. Lakin işlədikcə, özüm təcrübə topladıqca anladım ki, əslində yaş heç də həlledici roll oynamır. Əgər insanda qavrama qabiliyyəti orta və ya yüksək dərəcədədirsə, deməli, o şəxsdə yaxşı işçi kimi inkişaf olacaq. Bu göstərici aşağı səviyyədədirsə, inkişaf olmayacaq, əksinə verilən tapşırıqlar onu ancaq stresə salacaq. Ona görə də işə götürərkən, yəni şəxsə kollektivdə rol verməmişdən öncə bu dəyərləndirmək lazımdır ki, bu insan veriləcək tapşırığın öhdəsindən gələ biləcək, ya yox.

Emil Həsənov, “Azerfloat” QSC şüşə istehsalı zavodu

Mənimçün ən önəmlisi intizam, davamiyyət və insanların işə professional yanaşmasıdır. Çünki işinə qeyri-professional yanaşan əməkdaş digər işçilərə neqativ nümunə ola bilər. Bu şəxs  cəzasız qaldığı təqdirdə, yəni işdən azad olunmursa, onlara qarşı hansısa digər bir tədbir görülmürsə, digər işçilər “bəs biz niyə bu qədər əziyyət çəkirik” deyə düşünə bilərlər.

Digər tərəfdən isə komandanın daxilində motivasiya da yaratmaq lazımdır. Məsələn, professional keyfiyyətləri ilə seçilən, işinə məsuliyyətli yanaşan işçiləri haqq-ədalət prinsipi ilə karyera pillələri ilə qaldırmaq lazımdır ki, digər əməkdaşlara da öz üzərində işləmək üçün motivasiya olsun. 

Kamran Aqasi, “Agrodairy” MMC-nin direktoru

Ümumiyyətlə, yaxşı xarakterik keyfiyyətlərə malik işçi hər bir işəgötürənin arzusudur, lakin ümumiləşdirsək aşağıdakı keyfiyyətlərə malik işçilər şirkətimiz üçün arzuolunan sayılır:

1.Məsuliyyətli

2.İnkişaf etməyə meyilli

3.Pozitiv

4.Nizam-intizamlı

Neqativ-intriqaya meyilli, eləcə də məsuliyyətsiz- etdiyi səhvlərdən nəticə çıxartmağı bacarmayan işçilərə isə şirkətimizdə yer yoxdur.

Səbinə Pərvizi, “Synergy Partnership” marketinq və PR şirkətinin baş direktoru

“Synergy Partnership” kollektivi üçün öz üzərində işləmək, inkişaf etmək, irəliyə doğru getmək istəməyən əməkdaşlar qəbuledilməzdir. Neqativ daşıyan əməkdaşlar da arzulanmaz sayılırlar. Əslində bunu yalnız əməkdaşlara deyil, ümumilikdə, bütün ətraf mühitə şamil etmək olar. Belə ki, neqativ insanlar onları əhatə edən hər şeyə və hər kəsə pis təsir edərək, kollektivdə əlverişsiz ab-hava yaradırlar. Xüsusən də, onlar öz təəssüratlarını ətrafdakılarla paylaşmağı sevirlərsə, bu mənfi təsir daha da qabarıq formada olur.

Zənnimcə, məsiliyyətsiz əməkdaşlarla düşünmədən vidalaşmaq lazımdır. Belə ki, bu tip əməkdaşlara tapşırıq vermək olmur, onlar istənilən vaxt tapşırılan işi korlaya və ya yerinə yetirməyə bilərlər.

İşçilərdə arzuolunan keyfiyyətlə gəldikdə isə, bu barədə çox danışmaq olar. Lakin bəzi keyfiyyətlərə malik əməkdaşlar  “Synergy” komandası üçün olduqca dəyərlidir. Məsələn:

1. Öz işini effektli görən;

2. Verilən tapşırışı ürəklə görən;

3. Dürüst və etibar qazanmış;

4. Məsuliyyətli;

5. Müştəri gətirə bilən əməkdaşlar – bizim biznesdə bu, xüsusən vacibdir.

Seymur Qurbanov, “Azvirt” MMC-də layihə rəhbəri

"Azvirt" kollektivində işinə məsuliyyətsiz yanaşan, qarşıya qoyulmuş tapşırıqları zamanında yerinə yetirməyən, intizamsız əməkdaşlara yer yoxdur. Bizim üçün qeyri-məqbul xüsusiyyətlərdən biri də işçinin münaqişəli olmasıdır. Başqa sözlə, kollektiv daxilində münaqişələr yaradaraq, ümumi məhsuldarlığı aşağı salan əməkdaşlara bizim sıralarımızda yer yoxdur. 

Azər Əliyev, ”Atəşgah” SŞ İdarə Heyətinin sədri

Azərbaycan sığorta bazarının qocaman şirkətlərindən biri olaraq, “Atəşgah”ın 22 illik nailiyyət və uğurlarının əsas memarı “atəşgahlı”lardır (əməkdaşlar) desək, yanılmarıq. Bizim üçün hər bir əməkdaş – sığorta məsləhətçisindən idarə rəisinə kimi, eyni zamanda qiymətlidir.

“Atəşgahlı” – ilk növbədə peşəkar və məsuliyyətli, açıq və çevik düşüncə tərzinə sahib, nizam-intizamlı, korporativ mədəniyyət və etikanı anlayıb qəbul edən əməkdaşdır.

Əməkdaşlarımız dürüst, bilikli, inkişaf və uğura inamı olan mütəxəssislərdir. Onlar hər zaman öz üzərində çalışır, vicdanlı və loyal, eyni zamanda şirkətin mənafeyini düşünməklə, həmkarlarına dəstək olan peşəkarlardır. Hər bir “atəşgahlı” məsuliyyəti, müştəriyönümlü və ədalətlidir. 

Konfliktli, məsuliyyətdən yayınan, qəbul etdiyi qərarların miqyasını və əhəmiyyətini anlamayan, üzərində çalışmayan, komandada işləməyi bacarmayan, peşəkar inkişaf və karyera yüksəlişinə cəhd etməyən, qeyri – loyal və qeyri- peşəkarlar “Atəşgahlı” ola bilməz.

Nata Sandler, “PwC Azerbaijan”-da Human Capital Leader

İlk növbədə şirkətin əmək dissiplinini və ya siyasətini, eləcə də prosedurlarını pozan əməkdaşlarla vidalaşmaq lazımdır. Lakin bunu etməzdən öncə təbii ki, gələcəkdə yenidən üzləşməmək üçün qayda pozuntusunun səbəblərini diqqətlə araşdırmaq lazımdır.

Motivasiyası olmayan və professional cəhətdən tükənən işçilər də şirkətin nəticələrinə  təhlükədir. Belə insanlar çox vaxt nəinki bilavasitə zərər yetirirlər (işinin kafi nəticələri ilə), eləcə də şirkətdə ümumi ab-havaya mənfi təsir göstərirlər və kollektivin mənəvi ruhunu sındırırlar. Lakin hətta belə olduqda belə, işdən çıxarmaq barədə qərar verməzdən öncə problemin səbəbini müəyyənləşdirmək və vəziyyəti yoluna qoymaq üçün addımlar atmaq lazımdır.

Sözsüz ki, hər hal individual xarakter daşıyır, ona görə də bu məsələdə universal məsləhət və fikir ola bilməz.

PwC olaraq bizim dəyərləndirdiyimiz və məqbul hesab etdiyimiz keyfiyyətlərə gəldikdə isə yeni bilikləri mənimsəmə və öyrənmə istəyinə, digər əməkdaşlar, müştərilər və cəmiyyətlə pozitiv, professional və produktiv münasibət qurmağa, eləcə də  problemi düzgün dəyərləndirərək cəld həll etmək bacarığına üstünlük veririk.

Bizim şirkətin hədəfində də bu barədə deyilir: “Biz cəmiyyətin etibarını yaradırıq və vacib problemləri həll edirik”.

Nigar Orucova