Menu

Anar Bayramov: Kadrlar inkişaf etməsə, şirkət inkişaf edə bilməz

insider.az / Biznes Mart 07, 2019 11:30 385

2011-ci ildə fəaliyyətə başladığı ilk gündən etibarən uzun vədəli hədəflərin müəyyən edilməsi və bu hədəflərə nail olmaq üçün özünəməxsus iş prinsipi seçən “Modern Group of Companies” MMC ölkədə qabaqcıl şirkətlərdən biri olmağı özünə məqsəd seçib. Fərqli sektorlarda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirən MMC ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı minlərlə insana iş imkanları da yaradır. 

İnsider.az “Modern Group of Companies” MMC-nin 2019-cu il üçün prioritet istiqamətləri, plan və perspektivləri haqqında CEO-su Anar Bayramov ilə müsahibəni təqdim edir.    

-Tərkibinə müxtəlif sahələrə aid şirkətlərin daxil olduğu “Modern Group”un hansı fəaliyyət funksiyaları mərkəzləşdirilib? 

-“Modern Group of Companies” MMC-də çox fərqli sənaye sahələrindən olan şirkətlər yer alır və onların hər biri hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu şirkətlərin menecmentinə sərbəst fəaliyyət göstərmək şəraiti yaradılıb, fəaliyyətləri holdinq tərəfindən təşviq edilir, dəstək verilir. Holdinq olaraq əsasən: strategiyanın müəyyən və təsdiq edilməsi, mərkəzləşdirilmiş təchizatın həyata keçirilməsi, eləcə də maliyyə nəzarəti mərkəzləşdirilmiş şəkildə aparılır. Böyük satınalmalar həm biznesin, həm də investisiyanın optimallaşdırılması məqsədilə holdinqdən həyata keçirilir. Bununla yanaşı holdinqin vaxtaşırı planlı auditləri olur. Bu auditlərin keçirilməsində isə bir nömrəli məqsəd mövcud problemləri aşkarlamaq deyil, biznesdə optimallaşdırması mümkün olan sahələri müəyyən etməkdir. Nəticədə isə qrupa daxil olan şirkətlər növbəti biznes mərhələlərdə daha dayanıqlı olur.  

-2019-cu ildə "Group"-a daxil olan şirkətlərin sayının artırılması planlaşdırılırmı?

-Bəli. 2019-cu ilin ortalarında yeni şirkətimiz - istehsal müəssisəmiz işə başlayacaq. Hələ ki, onun adını açıqlamaq istəmirəm, amma onu deyə bilərəm ki, yay aylarında onun açılışını həyata keçirəcəyik. Bundan başqa 2018-ci ildə qismən fəaliyyətə başlamasına baxmayaraq, bu il tam fəaliyyətə başlayacaq “MediCenter” şirkətimiz vasitəsilə diabet və travmatologiya istiqamətləri üzrə iddiamızı ortaya qoymuşuq. İnanırıq ki, kifayət qədər uğurlu şirkət olacaq.  

2019-cu ildə bizim yeni bizneslərimizdən biri də torpaq işləmə makinaları bazarına daxil olmağımızla yaranacaq. Türkiyənin bu sahədə ən böyük şirkəti olan “Ünlü” şirkətinin  Azərbaycanda nümayəndəsi kimi fəaliyyət göstərəcəyik.

-Anar müəllim, niyə məhz bu biznes istiqamətləri seçildi? Düşünürsünüz ki, bu sahələrdə boşluqlar var?

-Təkcə boşluq yox, həm də bizim Holdinqə uyğunluq əsas götürüldü. Təbii ki, bazar araşdırması nəticəsində potensialı görməyimiz bizə əminlik verdi. Bu səbəbdən də həmin sahələrə istiqamətləndik. 
 
-Fəaliyyət göstərdiyiniz sahədə rəqabət səviyyəsi nə dərəcədə yüksəkdir?

-Bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes praktikası ildən ilə inkişaf edir və təkmilləşir, bu, qarşısıalınmaz bir prosesdir. Dünyada mövcud biznes modelləri dəyişir, yeni şəkil alır. Müasir bizneslər bizdən fəaliyyətimizə, prioritet istiqamətlərə  yenidən baxmağı və rəqabətə uyğunlaşmağı tələb edir. Burada əsas məsələlərdən biri rəqəmsallaşmadır. Biznes proseslərini trendlərə uyğunlaşdırmalıyıq, bundan kənarda qala bilmərik.

Əgər bu prosesə keçid etməsək, biznes proseslərimizi avtomatlaşdırmasaq, bu istiqamətdə işlər görməsək, rəqabətə tab gətirə bilmərik. Ona görə də bu istiqamətdə sistemli şəkildə fəaliyyət göstəririk. Şirkətlərimizdə ERP proqramlarının tətbiqinə və təkmilləşdirilməsinə dair sistemli fəaliyyətimiz var.  

-Sənaye müəssisələrində çalışan əməkdaşlarınızın yeniliklərə, texnoloji islahatlara adaptasiyası üçün hansı tədbirləri həyata keçirirsiniz? 

-Bir çox bizneslərin buraxdığı səhvlərdən biri odur ki, birtərəfli və ya yarımçıq inkişaf edirlər, balanslı böyümürlər. Bu da növbəti mərhələdə onlar üçün başağrısına çevrilir. Şirkət dayanıqlı böyümək istəyirsə, balansı qorumalıdır. Yəni həm sistemini inkişaf etdirməlidir, həm marketinqini, həm maliyyə gücünü, həm də kadrlarını. Əks halda görəcək ki, ya kadrlarının gücü tükənib, ya sistemi artıq imkan vermir işləməyə, ya maliyyə baxımından çatdıra bilmir, ya da müştərilərin istəklərinə artıq cavab verə bilmir. 

Burdan yola çıxaraq kadrların da inkişafını davamlı diqqətdə saxlamalıyıq. Kadrları yeni situasiyaya, yeni rəqabət şəraitinə hazırlamalıyıq. Ümumiyyətlə, şirkət kadrlar inkişaf etmədən inkişaf edə bilməz. Buna görə, biz davamlı olaraq təlimlər həyata keçiririk. Şirkət əməkdaşlarını həm yerli, həm də xarici təlimlərə göndəririk. Bundan başqa biz əməkdaşları xarici universitetlərə də göndəririk. Onların təhsil alması üçün ixtisasartırmaya investisiya ayırırıq. Ümumiyyətlə, biz “Modern Group” olaraq dərk edirik ki, şirkətin inkişafı böyük faizlə kadrlardan asılıdır.  

-Bir çox iş adamlarının əzbəri “yetərincə kadr var” ifadəsidir. Mövcud kadrları yetişdirməkdənsə, daha ucuz işçi qüvvəsinə üstünlük verirlər, bu isə həm də təcrübəsiz işçi qüvvəsi deməkdir. Kadr axını, ümumiyyətlə, şirkətin fəaliyyətinə necə təsir edir?

-İşçi dövriyyəsi təbii ki, istənilən müəssisənin fəaliyyətinə mənfi təsir göstərir, çünki şirkətin korporativ dəyərləri davamlı olaraq təzyiq altında qalır. Bu səbəbdən də biz kənardan işçi qüvvəsi cəlb etməkdənsə, artıq qrupa daxil olan şirkətlərdə çalışan əməkdaşların inkişafına çalışırıq. Bundan başqa vurğulamaq istədiyim bir məqam da var, bu da bəzi şirkətlərin ucuza, asana qaçmağa çalışması, hazır kadr axtarmasıdır. Amma unudurlar ki, belə işçilərin ən böyük mənfi cəhəti qəliblənmiş təcrübəyə malik olmasıdır. Məsələn, hər hansı bir şirkətin sisteminə öyrəşib, yeni işləməyə başladığı  şirkətdə də həmin sistemi istəyir. Fərqli situasiyaya özünü uyğunlaşdıra bilmir. Biz işçi götürəndə, təcrübədən daha çox yeni əməkdaşın potensialına fikir veririk. Çünki təcrübə hər zaman müsbət olmur, buna görə də sıfırdan başlayan kadrların üzərində işləməyə üstünlük veririk.

-“Modern Group”a daxil olan şirkətlərdə ilkin olaraq hansı keyfiyyətlərə üstünlük verirsiniz?

-Hər bir şirkət kimi bizim də korporativ dəyərlərimiz və korporativ mədəniyyətimiz var. Burada işçilərimizdən gözlədiyimiz davranışlar müəyyən edilib. Bizim şirkətlərimiz fəaliyyət göstərdiyi bazarda lider olmaq iddiasına sahib şirkətlərdir. Lider olmaq istəyən şirkət isə kadrlarının da bu səviyyəyə müvafiq yetişdirməlidir. Daim öz üzərində işləməli, yalnız kadrları deyil, biznes prosesləri də təkmilləşdirməlidir. Davamlı olaraq bizneslərimizin effektivliyi və səmərəliliyinin artırılması istiqamətində addımlar atırıq. 

“Modern Group” olaraq daim məhsullarımızın keyfiyyətini yaxşılaşdırmaq,  idarəetmə sistemimizi təkmilləşdirmə, bu sahədə praktikamızı müasir Qərb biznes praktikasına uyğunlaşdırmaq üzərində çalışmalıyıq.

-2019-cu ildə “Modern Group”-un inkişafı üzrə proqnozlarınızı eşitmək istərdik. Hansı istiqamətləri fəaliyyət üçün perspektivli görürsünüz?

-2019-cu ildə əsas prioritetlərimiz şirkətlərimizdə idarəetmə sisteminin inkişafı, biznes proseslərimizin avtomatlaşdırılmasıdır. Bütün şirkətlərdə aparılan diaqnostika nəticəsində  bu istiqamətdə mövcud çatışmazlıqlar müəyyən edilib. Üzə çıxan çatışmazlıqların aradan qaldırılması üçün geniş tədbirlər planı hazırlanıb. Hesab edirik, bu iş bizim şirkətə ciddi şəkildə dəyər qatacaqdır. 

Bundan başqa “Modern Group” olaraq 2019-cu ili ixrac ili elan etmişik. Bu səbəbdən də ixracın azı 50% artırılmasını nəzərdə tutmuşuq. Qeyd edim ki, bu vaxta qədər də dünyanın 30-a qədər ölkəsinə mal ixrac edirdik. Ümumi ixrac həcminin artımı ilə yanaşı ixrac etdiyimiz ölkələrin də sayını artırmaq niyyətindəyik. Bu mənada çox şadıq ki, Azərbaycana xarici valyutanın cəlbində  qatqımız var. 

Bu ilin ortasında yeni müştərək istehsal müəssisəmizin açılışı olacaq. Həmin şirkətin fəaliyyəti üçün lazım olan investisiyanın 50%-nin xarici investisiya olacağını vurğulamaq istərdim, çünki bu xarici investisiyanın ölkəyə cəlb olunması deməkdir.

Bununla yanaşı 2019-cu ilin əvvəlindən etibarən Bakıda böyük lojistik mərkəzimiz istifadəyə verilib. Həmin lojistik mərkəzin həm anbar, həm nəqliyyatın idarə edilməsi sistemində ciddi işlər görmək məqsədilə anbar (WMS) və nəqliyyatın (TMS) idarə edilməsi proqramlarını tətbiq edirik.  Yeni müasir lojistik mərkəzin istifadəyə verilməsi, WMS və TMS-in tətbiqi dağıtım şirkətimizin effektivliyini xeyli artıracaqdır.

2019-cu ilin ortalarında “Modern Group”-a daxil olan şirkətlərin edəcəyi digər yeniliklər sırasında Ağsuda Aqroparkın rəsmi açılışı, “Azqranata”nın yeni içki kateqoriyasına girişi, Emanat-da yeni innovativ məhsulun bazara çıxarılması və s. qeyd edə bilərik. 

-Maraqlı müsahibə üçün təşəkkür edirəm.

Səbinə Səmidxan