Menu

Ekspert dollara tələbin artmasının əsas səbəblərini açıqladı

insider.az / Maliyyə Mart 14, 2019 11:56 42

Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb.

İnsider.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4% çoxdur:

“Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasının əsas səbəbləri nədir? Öncədən proqnozlaşdırdığımız kimi dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvarından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib”.

İqtisadçı bildirib ki, neft bazarındakı kəskin sıçrayışlar fonunda da xüsusən yanvar ayında dollar yığımlarının artması müşahidə olunub:

“Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir. Bununla belə, məzənnənin necə dəyişəcəyi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.