İnternet sayəsində dünyada hər kəsin kodinq öyrənilməsi üçün keyfiyyətli resurslara pulsuz və ya ucuz girişi var. Bir tərəfdən bu, böyük üstünlükdür, digər tərəfdən isə əlavə çətinliklər yaradır - ələlxüsus əgər siz bu işdə yenisinizsə. Hər axtarış sizi yeni məqaləyə, təlimə və ya videoya gətirib çıxarır. Bir çoxlarının diqqəti buna görə yayınır və onların nəyisə öyrənmək həvəsi itir.
Buna görə də diqqəti bir dil üzərində cəmləndirmək vacibdir. On müxtəlif dili orta səviyyədə bilməkdənsə, bir dili yaxşı bilərək, tərtibatçı işini tapmaq şansı qat-qat yüksəkdir. Əgər siz hələ də nəyin üzərində yazmaq istədiyinizi müəyyənləşdirməmisinizsə, onda bu məqalə sizin üçündür.
Nədən başlamağı bilmirsiniz? Ümumi təyinat dilini öyrənin.
“Python”
Sadə və dəqiq sintaksis sayəsində “Python”öyrənmək üçün əla dildir. Bu dil dinamik tipləşdirmə, yaddaşla avtomatik idarəetmə və müxtəlif proqramlaşdırma paradiqmalarının dəstəyilə seçilir.
Desktop və veb-tətbiqlər, serverlər, maşın öyrənməsi, süni intellekt – bütün bunlar “Python” istifadə edir. O, hər il proqramlaşdırma dillərinin top10-luğuna daxil olur. Ötən il “TIOBE Programming Community Index”-ə əsasən, o, hətta “İlin dili” oldu. Təxmin etmək olar ki, onun populyarlığı 2019-cu ildə artmağa davam edəcək.
“JavaScript”
“Stack Overflow”-dakı tərtibatçıların illik sorğusuna əsasən, proqramçıların 70%-dən çoxu “JavaScript”-i istifadə edir. Onu istənilən tərtibat sahəsində tətbiq etmək olar. O, internetin aparıcı frontend-dillərindən biridir.
“JavaScript” həmçinin obyekt-səmtləşdirilmədən tutmuş funksionala qədər bir neçə proqramlaşdırma üslublarını dəstəkləyir. Onda, həmçinin çoxlu sayda kitabxana var. “JavaScript” o qədər populyardır ki, oyun tərtibatı və virtual reallıq kimi sahələr üçün ən yaxşı həll olmadığı halda belə, onun bu sahələr üçün freymvörkləri mövcuddur.
“Ruby”
Digər dillər kimi, “Ruby” də bir neçə proqramlaşdırma paradiqmalarını dəstəkləyir. O, həmçinin dinamik tipləşdirmə və yaddaşla avtomatik idarəetmə ilə seçilir. “Ruby” çox vaxt “Ruby on Rails” freymvörklü veb-tətbiqlərdə istifadə olunur.
“Ruby”-nin əsas üstünlüklərindən biri onun yeni gələnlərə qarşı mehribanlığıdır. Siz onsuz da problem yaranmayanadək, öz proqramınızı kompilyasiya edib buraxa biləcəksiniz. Onu öyrənmək də olduqca asandır, çünki onun sintaksisi insan dilinə bənzəyir və siz onun üzərində digər dillərdə olduğu kimi, eyni şeyi edə bilərsiniz, sadəcə daha az kod sətirləri yaza biləcəksiniz.
“Java”
“Java”-nın ən məşhur sloqanı “Bir dəfə yaz, harda istəsən işə sal”. Həqiqətən, o, onu dəstəkləyən istənilən platformada çalışır. “Java” “Stack Overflow”-da populyarlığa görə ikinci dildir.
Strukturu sayəsində onun çoxlu sayda tətbiq sahələri var. Ən məşhurlarından biri “Android” üçün tətbiqlərin tərtibatıdır. Bununla belə, o, desktop və veb-tətbiqlərdə, serverlərdə və şəbəkələrdə də tətbiqini tapır. İlk əvvəl “Java”-nın sintaksisi qəliz görünə bilər, lakin bu dili mənimsədikdə, siz, şübhəsiz iş tapacaqsınız.
Hansı sahədə işləmək istədiyinizi artıq bilirsiniz?
Əgər siz qarşınızda maşın öyrənilməsində, mobil tətbiqlərin tərtibatında çalışmağı və ya startapa düzəlməyi məqsəd qoymusunuzsa, işinizə uyğun gələcək dili seçin.
Maşın öyrənilməsi
“GitHub”-dakı hesabata əsasən, “Python” ötən il maşın öyrənilməsində ən geniş istifadə olunan dil olub. “Python” biliyinə “TensorFlow” kitabxanasını da əlavə etməklə, siz artıq maşın öyrənilməsilə bağlı işi tapa bilərsiniz.
O, statistik məqsədlə verilənlərin təhlili və emalı üçün əla uyğun gəlir.
Mobil tərtibat
Əgər sizi mobil tərtibat maraqlandırırsa, hansı əməliyyat sistemi (Android və ya iOS) üçün tətbiq hazırlamağı istədiyinizə qərar verməlisiniz.
“Java” “Android” üzərində tərtibat üçün ən yaxşı uyğun gələn dildir. “iOS” üçün ən yaxşısı “Apple”-ın rəsmi dili “Swift”-i mənimsəməkdir.
“JavaScript” mobil tərtibat üçün daha yaxşı bir variantdır. Onu “HTML” və “CSS”-lə birləşdirəndə, siz “Cordova” vasitəsilə “native” tətbiqlərə (müəyyən platformada və ya cihazda istifadə üçün tərtib olunmuş tətbiqi proqramlar - red.) çevrilə biləcək tətbiqlər hazırlaya biləcəksiniz.
Daha bir nümunə “.Net”-dir. Onu da həmçinin tətbiq yazmaq və onları “Xamarin” vasitəsilə konvertasiya etmək üçün istifadə etmək mümkündür.
Startaplar
Startapa düzəlmək istədiyinizi bilirsinizsə, o zaman “Ruby on Rails”-i bilməkdən daha yaxşı heç nə yoxdur. O, yeni gələnlərə daha açıqdır və tərtibatçılara sistemləri cəld şəkildə prototipləşdirməyə imkan verir. Bu da onu daima daha yüksək sürətə can atan startaplar üçün əla seçimə çevirir.
Hansı dillərdən qaçmaq lazımdır?
Bir çox digər populyar dillər var. Məsələn, “Go”, “Scala”, “TypeScript”, “C++” və “Rust”. Lakin əgər siz proqramlaşdırmanı təzəcə öyrənməyə başlayırsınızsa, onlardan qaçmaq məsləhətdir. Onların əksəriyyəti qəlizdir və ya bir tətbiq sahəsində fokuslanıblar.
Nəticə:
1. Bir dilin mənimsənməsinə fokuslanın.
2. Nədən başlamağı bilmirsinizsə, ümumi təyinat dilini seçin.
Öz seçiminizə görə çox da həyəcan keçirməyin, çünki hər dil üçün iş tapılar. Əsas sizin motivasiyanız, əminliyiniz və tədrisə fokuslanmaq bacarığınızdır.
İnsider.az
Samirə Məmmədova