3-olkenin-nazirleri-findiq-sahesinde-emekdasliga-imza-atdilar

3 ölkənin nazirləri fındıq sahəsində əməkdaşlığa imza atdılar

Hər 3 ölkə fındığı ucuzlaşdırmayacaq, dünya bazarlarına razılaşdıracaqları yüksək qiymətlər ilə təklif edəcəklər.

Türkiyə, Azərbaycan və Gürcüstanın kənd təsərrüfatı nazirlikləri fındıq sahəsində əməkdaşlıq barədə sənəd ("Fındık Alanında Stratejik İşbirliği Deklarasyonu") imzalayıblar. Əməkdaşlıqda məqsəd fındıq qiymətlərini yüksək saxlamaqdır.

İnsider.az xəbər verir ki, Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov Türkiyənin Ordu şəhərində səfərdə olub.

Səfər çərçivəsində Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov və Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı naziri arasında görüş olub.

İnam Kərimov imzalanmış sənədin çox önəmli olduğunu qeyd edərək, bu sayədə fındıq istehsalçılarının gələcəkdə daha çox gəlir əldə edəcəklərini bildirib:

“Dünyada fındığın 75%-ni istehsal edən bu 3 ölkə gəlirlərini daha da artıra bilər. Bunun üçün əməkdaşlıq çox önəmlidir. İnanıram ki, əməkdaşlığımız nəticəsində istehsalçıların əldə edəcəyi, ölkələrə daxil olan valyuta daha yüksək məbləğlərdə olacaqdır”.

Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, “İstehsalçıları qorumalıyıq, eyni zamanda istehlakçılar bahalı fındıq yeməməlidir. Amma fındıq ixrac məhsuludur. Fındığın 90%-i ixrac olunur. Bu səbəbdən qiymət nə qədər yüksək olarsa o qədər yaxşı olacağını düşünürük”,- deyib.

Əməkdaşlıq ilə fındığın məhsuldarlğının və keyfiyyətinin artırılması da hədəflənir. Eyni zamanda, xəstəliklər ilə birgə mübarizə aparılacaq.

3 ölkənin nazirinin iştirakı ilə Orduda fındıq yığımına başlanılıb.