Çinin “China Compulsory Certificate” sertifikasiya saytında “V1916A” markalı müəmmalı “Vivo” smartfonu haqqında informasiya dərc edilib. Müşahidəçilər bu marka altında beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “Vivo” qurğusunun gizləndiyini düşünürlər.
İnsider.az xəbər verir ki, söhbət hazırlanması haqqında ötən ay bildirilən “Vivo iQOO 5G” smartfonundan gedir.
“Vivo iQOO 5G” xarici görünüşünə görə martda nümayiş olunan “iQOO” modelini – “Vivo” şirkətinin eyniadlı subbrendinin ilk smartfonunu xatırladır. Yeniliyi yalnız korpusda “5G” loqotipi və karbondan hazırlanan arxa qapaq bildirir. Üst tərəfi nazik çərçivəli və damcıvari şəkildə olan ön kameranın quraşdırıldığı böyük ekran əhatə edir. Ona barmaq izi skaneri quraşdırılıb. Arxa paneldə isə üç moduldan ibarət əsas kamera yerləşir.
Qurğunun texniki xüsusiyyətləri tam açıqlanmır. Məlumdur ki, yeni model “X50 5G” modeminə malik səkkiznüvəli “Snapdragon 855” prosessoru üzərində qurulub. Operativ yaddaş tutumu 8 giqabayt təşkil edən smartfon “Funtouch OS 9” proqram təminatlı “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. “Vivo iQOO 5G” modeli 44 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyir və 100 faizlik göstəriciyə 45 dəqiqə ərzində nail olur.
“iQOO 5G” smartfonu bu ilin üçüncü rübündə satışa çıxarılacaq. Əvvəllər bu qurğunun qiymətinin 700 dollar təşkil edəcəyi barədə məlumatlar yayılıb. Smartfonun sentyabrın 6-11-də Berlində (Almaniya) keçiriləcək “IFA 2019” sərgisində nümayişi gözlənilir.
“Canalys” şirkətinin proqnozuna görə, bu il qlobal miqyasda “5G” smartfonlarının tədarük həcmi təxminən 13 milyon ədəd təşkil edəcək, 2023-cü ildə isə 800 milyon ədədə çatacaq.