5g-strategiyasinin-hazirlanmasi-ile-bagli-isci-qrupu-yaradilib

5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçi Qrupu yaradılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

İşçi Qrupu İKTA-nın Azərbaycanda 5G infrastrukturunun qurulması və geniş tətbiqi məqsədilə 5G Strategiyasının hazırlanması üzrə tədbirlər planı çərçivəsində yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçılarının, o cümlədən yerli mobil operatorların, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.

İşçi Qrupunun əsas məqsədi Azərbaycanda növbəti illər ərzində rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək üçün ən müasir və yeni yaranan texnologiyaların yayılması üzrə tələbləri özündə əks etdirən vahid 5G Strategiyasını hazırlamaqdır.

5G Strategiyasının məqsədi ölkədə təhlükəsiz və dayanıqlı beşinci nəsil (5G) infrastrukturunun inkişafı və tətbiqi üçün bütün maraqlı tərəflərin yanaşmalarını nəzərə almaqla strateji yanaşmanı formalaşdırmaq və müştəri təcrübəsində əhəmiyyətli təkmilləşdirmələrə nail olmaqdır.

İşçi Qrupunun iştirakı ilə mütəmadi görüşlərin keçirilməsi, 5G Strategiyasının hazırlanması zamanı vacib olan mərhələlər və onların icrası ilə bağlı görüləcək işlərə dair müzakirələrin aparılması nəzərdə tutulur.

Report