Pekin xəstəxanasının həkimləri 5G simsiz texnologiyasından istifadə edərək robot texnikası vasitəsilə 136 kilometr məsafədə xəstə üzərində uğurlu distansiyalı əməliyyat aparıblar.
İnsider.az xəəbər verir ki, 3 saat davam edən ortopedik əməliyyat Çinin şimalında yerləşən Tyantsin şəhər sakini 36 yaşlı xəstə üzərində keçirilib.
Məlumata görə, 5G internetinə qoşulma ilə həyata keçirilən əməliyyat birinci Tyantsin Mərkəzi Xəstəxanasında aparılıb və birbaşa translyasiya vasitəsilə Pekinin Tsişuytan xəstəxanasının ekspertlər qrupuna ötürülüb.
“5G texnologiyası ötürülən video və fotoşəkillərin dəqiqlik və fasiləsizliyinə, eləcə də əməliyyatın stabillik, etibarlılıq və təhlükəsizliyinə zəmanət verir. Şəbəkə vasitəsilə biz xəstə və həkim arasında məsafədən asılı olmayaraq əməliyyatlar edə bilərik”, - birinci Tyantsin Mərkəzi Xəstəxanasının ortopedik şöbəsinin rəhbəri Tsyan Vensyue bildirib.
Çin 5G şəbəkəsini nəqliyyat, əyləncə və səhiyyə kimi sektorlarda ictimai tələbatı ödəmək məqsədilə tətbiq edir. İyula olan vəziyyətə görə, Pekin tərəfindən artıq 7800-dən çox 5G baza stansiyası inşa edilib.
Qeyd edək ki, 5G mövcud 4G şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan 4G şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı 5G şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.