82-yasli-silvio-berluskoni-yeni-seckilere-hazir-oldugunu-beyan-edib

82 yaşlı Silvio Berluskoni yeni seçkilərə hazır olduğunu bəyan edib

Dörd dəfə İtaliyanın Baş naziri seçilmiş 82 yaşlı siyasətçi və media maqnatı Silvio Berluskoni yenidən siyasi arenaya qayıdacağını və Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək istədiyini bəyan edib.

İnsider.az-ın məlumatına görə, “Reuters” agentliyi xəbər verir ki, ötən həftə təcili xəstəxanaya çatdırılan və həyatı təhlükə altında olduğundan ağır cərrahiyyə əməliyyatı keçirən siyasətçi deyib: “Mənim sağlamlığım yaxşılaşıb və düzünü desəm, çox qorxmuşdum. Həyatımda baş verən son hadisələr hər şeyin sona çatması kimi görünürdü, lakin mən özümü ələ ala bildim”. Milandakı San Raffaele xəstəxanasının qarşısında jurnalistlərə müsahibə verən Berluskoni yenidən siyasətə qayıdacağını vurğulayıb.

İtaliyanın “Forza Italia” (“İtaliya, irəli!”) mühafizəkar siyasi partiyasının lideri və media maqnatı Silvio Berluskoni 2011-ci ildə Avropa zonasında beş vermiş maliyyə böhranı nəticəsində Baş nazir vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt ona qarşı vergi saxtakarlığı ittihamı da irəli sürülmüşdü. Bu ittihamın aradan qalxması italyan siyasətçiyə yenidən parlament seçkilərində iştirak etmək imkanı verir.

©AZƏRTAC