ABŞ dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına müsahibəsində avqustun 2-də ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi haqqında Müqavilədən çıxacağını təsdiqləyib.
İnsider.az-ın məlumatına görə, həmçinin Dövlət Departamentinin rəhbəri ABŞ-ın Asiya-Sakit okean regionunda yeni orta mənzilli raketlərini işə salacağını istisna etməyib.
Pompeonun bildirdiyinə görə, iki həftə əvvəl Rusiya-ABŞ danışıqları zamanı adı çəkilən regionda ABŞ-ın yeni orta mənzilli raketlərini yerləşdirməsi imkanı müzakirə olunub.
“Mənim müavinim Con Sallivan bu çərçivələrin necə görülməli olduğu barədə strateji dialoqun aparılması üçün bizim nümayəndə heyətinə başçılıq edib”, - deyə Pompeo əlavə edib.
Qeyd edək ki, 1987-ci ildə Sovet İttifaqı və ABŞ arasında bağlanmış OKMR haqqında Müqavilə uçuş məsafəsi 500-dən 5500 km-dək təşkil edən yerüstü raket silahının istehsalatını, saxlanmasını və sınaqdan keçirilməsini qadağa edirdi.
Samirə Məmmədova