"Adobe" və "Microsoft" şirkətləri "bulud" hesablamaları bazarında əməkdaşlığı genişləndirməyə başlayıb. Bununla əlaqədar hər iki şirkətin səhmlərinin dəyəri bahalaşıb.
İnsider.az xəbər verir ki, yeni əməkdaşlıq mərhələsi çərçivəsində tərəflər "Adobe Experience Cloud" və "Adobe Document Cloud" məhsullarının "Microsoft Dynamics 365", "Office 365", "LinkedIn" və "Azure" servislərinə inteqrasiya olunması barədə razılığa gəliblər.
Bundan başqa, "Microsoft" şirkəti "Adobe Sign" "bulud" elektron imza xidmətini korporativ məhsullarda elektron imza üçün ən üstün həll kimi seçib. "Adobe Sign" indi "Microsoft SharePoint", "Dynamics 365", "Microsoft Teams" və s. korporativ platformalara sıx inteqrasiya olunacaq.
"Microsoft" 180 milyon kommersiya müştərisi və istifadəçisinə malikdir. Bu, bizim üçün böyük imkanlar açmaqla "Microsoft" şirkəti ilə tərəfdaşlıqda əməkdaşların işini avtomatlaşdırmağı təmin etməyə və "Adobe Sign" məhsulu vasitəsilə rəqəmli transformasiyanı həyata keçirməyə şərait yaradacaq", - "Adobe" şirkətinin "Microsoft" həlləri üzrə vitse-prezidenti Deyv Uelç bildirib.
"Adobe" və "Microsoft" sıx tərəfdaşlığa 2016-cı ilin sentyabrında başlayıb. O zaman şirkətlər arasında "Photoshop" və "Illustrator" daxil olmaqla "Adobe" yaradıcılıq proqramlarının "Microsoft Azure" "bulud" platforması vasitəsilə yayılmasını nəzərdə tutan saziş imzalanıb.
ICTnews