agdam-kelbecer-ve-terterin-ne-qeder-erazisinin-agdereye-verileceyi-melum-olub-yenilenib

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub - YENİLƏNİB

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.

17:08

Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonunun inzibati mərkəzi Ağdərə şəhəri olacaq.

Bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonunun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.

Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.

1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Report