agdam-rayonunun-isgaldan-azad-olunmasinin-ikinci-ildonumu-qeyd-edilib

Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib

Müzəffər Ali Baş Komandan Möhtərəm Prezident cənab        İlham Əliyevin  rəhbərliyi  ilə 44 gün ərzində hərbi və siyasi  müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 20 noyabr tarixində Ağdam rayonu bir güllə belə atılmadan işğaldan azad olunmuşdur.

Bu münasibət ilə Ağdam şəhərində rayonun işğaldan azad olunmasının iki illik ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Xüsusi Nümayəndəlik,  ərazidə fəaliyyət göstərən dövlət orqanları, şəhid ailələri, qazilər və Ağdam rayonu ictimaiyyət nümayəndələri tərəfindən ilk olaraq Şəhidlər Xiyabanı ziyarət olunmuş, 44 günlük müharibədə qəhrəmancasına döyüşərək, şəhid olanların adları həkk olunmuş lövhənin qarşısında əkil və güllər qoyulmuş, dualar oxunmuş və şəhidlər xiyabanı ziyarət edilmişdir.

Ağdam Konfrans Mərkəzində davam edən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca 1 dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq, açılış sözü ilə çıxış etmiş və Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra rayon ictimaiyyət nümayəndələri tərəfindən Möhtərəm Prezident cənab İlham Əliyevə Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ünvanlanan təşəkkür məktubu səsləndirilmişdir.

Rəsmi hissəsinin ardınca, tanınmış və görkəmli incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutmuşdur.