agility-robotics-ve-ford-qapiyacan-catdirilma-ucun-iki-ayaqli-robotlari-sinaqdan-kecirecek

“Agility Robotics” və “Ford” qapıyacan çatdırılma üçün iki ayaqlı robotları sınaqdan keçirəcək

Amerikalı “Agility Robotics” startapı və “Ford Motor” şirkəti ikiayaqlı robotlar vasitəsilə bağlama çatdırılmasını test edəcəklər. Robotlar pilotsuz avtomobillərdə evə kimi gəlib bağlamanı qapıya qədər çatdıracaqlar. İnsider.az bunu “Ford”-a istinadla bildirir.

Testetməni ABŞ-da 2020-ci ilin əvvəli keçirməyi planlaşdırırlar. Testetmədə “Ford”-un 100-dək pilotsuz avtomobili iştirak edəcək.

Şirkətlər lidar və bir neçə stereokamera ilə təchiz olunmuş “Digit” robotunu test edəcəklər. O, 40 funta (təqribən 18 kq) kimi əşyaları qaldıra, pilləkənlərdən qalxıb-düşə, qeyri-hamar səth üzərində yerini dəyişə, maneə il toqquşduğu zaman isə tarazlığını saxlaya bilir.

Gediş zamanı robot avtomobilin baqaj hissəsində qatlanmış vəziyyətdə olur. Pilotsuz avtomobil təyinat nöqtəsinə gəldiyində, o, “Digit”-ə yerin detallı xəritəsini, həmçinin yoldan evin qapısına kimi ən yaxşı marşrut barədə məlumat ötürür. Əgər robot əngəllə üzləşirsə, o, bu verilənləri avtomobilə geri göndərə bilir. Pilotsuz avtomobil öz sistemlərinə kömək sorğusu göndərir və robot üçün marşrutu korreksiya edir.

“Ford” robotaksi kommersiya servisi ilə birgə “Digit” robotları vasitəsilə çatdırılmanı 2021-ci ildə işə salmaq istəyir.

Qeyd edək ki, “Agility Robotics” ABŞ-da 2015-ci ildə təsis olunub. Şirkət ikiayaqlı robotların tərtibatı ilə məşğuldur. Təsis edilmə anından bəri 8 milyon investisiya cəlb edib.

Samirə Məmmədova